12 C
Baku
Thursday, December 4, 2025

“Qala Sığorta”nın xalis mənfəəti azalıb

“Qala Sığorta” ASC 2025-ci ilin üçüncü rübü həm gəlirlərində, həm də xərclərində artım qeydə alınsa da, xalis mənfəət əvvəlki ilə nisbətən zəifləyib.

Banker.az xəbər verir ki, 2025-ci ilin ilk üç rübündəki xalis mənfəəti təxminən 11 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin analoji dövrü ilə müqayisədə təxminən 13% azalma deməkdir.

Hesabat dövründə “Qala Sığorta”nın ümumi gəlirləri təxminən 67 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12% artım deməkdir. Gəlirlərin əsas hissəsini təşkil edən əsas əməliyyat gəlirləri 64 milyon manat səviyyəsində olub və illik müqayisədə təxminən 4% artım göstərib.

Şirkətin investisiya gəlirləri də müsbət dinamika nümayiş etdirib. Bu göstərici 2025-ci ildə təxminən 4 milyon manata yüksələrək illik müqayisədə təxminən 28% artıb. Xalis sığorta ehtiyatlarının dəyişməsi isə əvvəlki ilə nisbətən daha az mənfi nəticə verib və şirkətin fəaliyyətinə ümumi təsiri təqribən 1,4 milyon manatlıq müsbət dəyişiklik olub.

2025-ci ilin üçüncü rübündə şirkətin ümumi xərcləri 54 milyon manata yaxın olub və əvvəlki ilin analoji dövrü ilə müqayisədə təxminən 21% artıb. Əsas əməliyyat xərcləri kəskin yüksələrək 39 milyon manata çatıb, bu da illik ifadədə təxminən 40% artım deməkdir. İşlərin aparılması xərcləri isə azalıb və 15 milyon manat səviyyəsində formalaşıb.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100 % “AzReTəkrarsığorta” ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90 %-nə nəzarət edir.

 

Son xəbərlər
Digər xəbərlər