Azərbaycanda fiziki şəxslərin xaricdəki aktivləri olan səhm, istiqraz, not və digər qiymətli kağızlar üzrə əldə etdikləri dividendlər üzrə güzəşt nəzərdə tutulur.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Dövlət Vergi Xidməti bildirib ki, dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsidir.
Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxslər xaricdən əldə etdikləri qeyri-sahibkarlıq gəlirlərini 14 faiz vergi dərəcəsi ilə bəyan edib ödəməlidirlər. Növbəti ildən həmin vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi təklif olunur.
“Dəyişiklik, bir tərəfdən, xaricdən əldə edilən gəlirlərin könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən isə vergi bazasının əhatə dairəsinin genişlənməsinə xidmət göstərəcək”- deyə, DXV-dan qeyd edilir.
Dövlət Xidməti bununla yanaşı, xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların ölkəyə axınını təşviqi üçün əlavə stimullar formalaşacaq, daha aşağı vergi yükü kapitalın ölkəyə qaytarılmasını iqtisadi cəhətdən daha səmərəli edəcəyini bildirib.
Xatırladaq ki, hazırda Gürcüstan və Ermənistanda da bu növdə vergilər 5% olsa da, Qazaxıstanda bu məsələyə bir qədər diferensial yanaşılır. Mərkəzi Asiya ölkəsində cari ilin yayından etibarən dividend gəlirləri illik 954 040 000 qazax təngəsinə (hazırkı FX ilə: 1 897 222 ABŞ dollar) qədər 5%, həmin həddin üstündə isə 15% vergi tətbiq edilir.







