Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2025-ci il üçün qlobal ÜDM-in artım proqnozunu sentyabrda gözlənilən 2,4%-dən 2,5%-ə yüksəldib. Bu barədə agentliyin dekabr ayına olan “Global Economic Outlook” (GEO) icmalında deyilir.
Gözlənilir ki, 2026-cı ildə qlobal iqtisadi artım tempi 2,4%-ə (əvvəlki proqnoz 2,3% olub) qədər zəifləyəcək. Xatırladaq ki, 2024-cü ildə dünya ÜDM-i 2,9% artıb.
Agentliyin məlumatına görə, İT sahəsinə investisiyaların artması və fond bazarlarının rallisi hesabına əhalinin rifah səviyyəsinin yüksəlməsi, artırılmış idxal rüsumlarının mənfi təsirini yumşaldır.
ABŞ-nin ÜDM artımı üzrə proqnoz cari il üçün 1,6%-dən 1,8%-ə, Avrozona üzrə proqnoz isə 1,1%-dən 1,4%-ə qaldırılıb. Gələn il ABŞ iqtisadiyyatının 1,9%, Avrozona iqtisadiyyatının isə 1,3% böyüyəcəyi gözlənilir.
Agentliyin proqnozuna əsasən, Çin iqtisadiyyatı 2025-ci ildə 4,8%, 2026-cı ildə isə 4,1% artacaq.
Hindistan üçün proqnozlar da əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb — cari il üçün ÜDM artımı 6,9%-dən 7,4%-ə qaldırılıb. Bu dəyişiklik istehlak xərclərinin yüksək olması, inflyasiyanın azalması və Hindistan Mərkəzi Bankının pul-kredit siyasətini yumşaldacağı gözləntiləri ilə bağlıdır.
Agentliyin ekspertləri hesab edirlər ki, ABŞ Federal Ehtiyat Sistemi və İngiltərə Bankı 2026-cı ildə əsas faiz dərəcələrini üç dəfə azaldacaq, Avropa Mərkəzi Bankı isə dərəcələri hazırkı səviyyədə saxlayacaq.







