Nyu-Dehlidə Rusiya prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında danışıqlar başlayıb. Görüş ikitərəfli əməkdaşlığın geniş spektrinin müzakirəsinə və Rusiya-Hindistan münasibətlərinin daha da gücləndirilməsinə həsr olunub.
Rusiya nümayəndə heyətinə müdafiə naziri Andrey Belousov, kənd təsərrüfatı naziri Oksana Lut, səhiyyə naziri Mixail Muraşko, nəqliyyat naziri Andrey Nikitin, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, maliyyə naziri Anton Siluanov və daxili işlər naziri Vladimir Kolokoltsev daxildir. Heyətdə həmçinin Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiyanın Hindistandakı səfiri var.
Görüşün əvvəlində Putin Moskva ilə Nyu-Dehli arasında münasibətlərin etimadlı xarakterini, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində olan əlaqələri qeyd edib. Prezident Hindistan Baş nazirinə dəvətə, eləcə də dünənki “çox xoş axşam” və “məzmunlu və çox faydalı söhbət” üçün təşəkkürünü bildirib. Modi cavabında deyib: “Şəxsi olaraq bu görüş mənim üçün əhəmiyyətlidir, çünki biz sizinlə 25 ildir tanışıq”.
Putin bildirib ki, əvvəlki gün Modi ilə qeyri-rəsmi görüşündə Ukrayna ətrafındakı vəziyyət və ABŞ-nin danışıqlara dair səyləri haqqında məlumat verib. Modi münaqişənin tezliklə həllini dəstəklədiyini və “sülhün bərqərar olması üçün birlikdə işləməyə” çağırdığını deyib. Rusiya prezidenti bu məsələlərə göstərilən diqqətə və “situasiyanın həllinə yönəlmiş səylərə” görə təşəkkür edib.
Danışıqlardan sonra Putinin Rusiya-Hindistan Forumunun plenar iclasında çıxış etməsi, “RT India” kanalının işə salınması mərasimində iştirak etməsi və Hindistan prezidenti Draupadi Murmu ilə görüşü planlaşdırılır.
Rusiya prezidenti dünən, dekabrın 4-də Hindistana gəlib. Həmin gün Baş nazirin rezidensiyasında Putin və Modi arasında qeyri-rəsmi danışıqlar keçirilib. Putinin rəsmi qarşılanma mərasimi bu gün Nyu-Dehlidə prezident sarayının qarşısındakı meydanda baş tutub. Daha sonra prezident Hindistan xalqının milli azadlıq mübarizəsinin lideri Mahatma Qandinin memorialını ziyarət edib və kompleksin fəxri qonaqlar kitabında qeyd yazıb.
Səfər ərəfəsində Kremlin nümayəndələri Rusiya-Hindistan münasibətlərini xarici müdaxilədən qorumaq niyyətində olduqlarını bəyan ediblər. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya heç kimin bu prosesə müdaxilə etməsinə imkan vermədən Hindistanla ikitərəfli biznesin həcmini artırmağa davam edəcək.







