9 C
Baku
Friday, December 12, 2025

Çin neft ehtiyatlarını artırır və zəifləyən bazarda tələbat illüziyası yaradır

2025-ci ildə ticarət və strateji ehtiyatlar üçün edilən neft alışı qlobal neft qiymətlərini dəstəklədi. “Citigroup Inc.” və “FGE NexantECA”nın proqnozlarına görə, gələn il də Çinin enerji təhlükəsizliyi ilə bağlı ehtiyat toplaması davam edəcək.

Çinin strateji ehtiyatlarının dəqiq həcmi dövlət sirri olduğundan real göstəriciləri müəyyənləşdirmək çətindir. Bununla belə, müstəqil analitiklər öz hesablamalarını aparırlar. “Energy Aspects”in qiymətləndirməsinə əsasən, ölkədəki ümumi anbar tutumu (kommersiya ehtiyatları da daxil olmaqla) təxminən 2 milyard barel təşkil edir və gələn il bu tutumun daha 260 milyon barel artacağı gözlənilir. Analitik Cianan Sun qeyd edir ki, əgər Pekin anbarların doldurulması ilə bağlı yeni göstəriş versə, faktiki idxal proqnozları xeyli üstələyə bilər.

Hazırkı direktivə əsasən, Çin oktyabrdan mart ayına qədər qiymətlər 80 dollardan aşağı qaldığı halda strateji ehtiyatlar üçün 140 milyon barelədək neft almağı planlaşdırır. Brent markalı neft iyunda qısamüddətli bu səviyyəyə yaxınlaşsa da, hazırda təklif artıqlığı ilə bağlı narahatlıqlar səbəbindən təxminən 62 dollara ticarət olunur. Proqnozlara görə, gələn il Çin ehtiyatları sürətlə artırmağa davam edə bilər. “OilX”in məlumatına görə, ölkənin sahilyanı rezervuarları və yeraltı anbarları hazırda təxminən yarı doludur ki, bu da 2026-cı ildə qiymətlərin azalacağı ehtimalı fonunda əlavə həcmdə neft üçün kifayət qədər yer deməkdir.

Bununla yanaşı, ehtiyatlar üçün yüksək həcmdə alımlar əsl tendensiyanı — Çində real neft tələbatının zəifləməsini — gizlədir. Bunun əsas səbəbləri elektrik avtomobillərinin geniş yayılması, Pekinin neft emalı sənayesini konsolidasiya etməsi və ekoloji məqsədlərdir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, neftə tələbat artımı 2024-cü ildən zəifləməyə başlayıb. COVID məhdudiyyətlərinin aradan qaldırılmasından sonra 2023-cü ildə baş verən kəskin sıçrayışdan sonra 2024-cü ildə artım cəmi 0,8% təşkil edib ki, bu da pandemiya öncəsi orta göstəricilərdən xeyli aşağıdır.

“Bloomberg”in sorğusuna əsasən, gələn il Çində neft tələbatının artımı gündə cəmi 150 000 barel olacaq. Ən yüksək proqnoz “Energy Aspects “tərəfindən verilir — gündə 320 000 barel və bu artım əsasən neft-kimya sənayesinin tələbatı ilə bağlıdır. Lakin bu göstərici belə əvvəlki illərlə müqayisədə ciddi azalmanı göstərir. “Rystad Energy” şirkətinin neft bazarları üzrə vitse-prezidenti Ye Lin bildirir ki, bu proses artıq geri dönüşü olmayan bir mərhələyə çatıb və Çin bazarı elektrik avtomobillərinin sürətlə artmasının təsirini açıq şəkildə hiss edir.

Son xəbərlər
Digər xəbərlər