Azərbaycan qeyri-monetar qızıl idxalını 2025-ci ilin ilk on ayında 44 441 kiloqram və ya 4 milyard 515,06 milyon ABŞ dollarına çatdırıb. Təkcə oktyabr ayında ölkə əlavə 5 963 kq və 764,74 milyon dollarlıq qızıl idxal edib.
Banker.az xəbər verir ki, idxalın illik müqayisədə kəskin artımına baxmayaraq — ötən ilin eyni dövrünə nisbətən miqdar üzrə 161%, dəyər üzrə 205% yüksəlib. 2024-cü ilin aprelindən intensivləşən idxal axını avqustda sıfırlanmış, sentyabrda isə cüzi həcmdə yenidən başlamışdı.
Yeni rəqəmlərə əsasən, Azərbaycanın qızıl idxalında ən böyük pay Avstraliya (7 104 kq; 760,1 mln $), Rusiya (6 783 kq; 656,7 mln $), ABŞ (4 453 kq; 458,8 mln $), Böyük Britaniya (4 860 kq; 481,2 mln $) və İsveçrə (3 453 kq; 396,3 mln $) kimi ölkələrin payına düşür. Qazaxıstan, Özbəkistan, Cənubi Afrika Respublikası və Kanada da əsas tədarükçülər sırasındadır.
Qlobal fon qızıl bazarında bahalaşma ilə müşayiət olunur. 2024-cü ilin əvvəlində 2 200 dollar olan spot qiymət 2025-ci ilin oktyabrında 4 350 dolları keçib. Bu artıma geosiyasi risklər, böyük mərkəzi bankların faiz endirimləri və ehtiyatların artırılması marağı səbəb olub. Ümumilikdə, mərkəzi banklar yalnız sentyabr ayında 39 ton qızıl alıblar.
Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun ehtiyat artırması da davam edir. ARDNF 2025-ci ilin ilk 9 ayında ehtiyatını 38,2 ton yüksəldərək 184,8 tona çatdırıb. Mərkəzi Bankın sədri Taleh Kazımov qızılın qiymətində volatilliyə baxmayaraq, bahalaşma trendinin növbəti il də davam edəcəyini bildirib.
*Tayvan – Çinin xüsusi inzibati rayonu










