10 C
Baku
Friday, December 12, 2025

Azərbaycanın xam neft hasilatı nəqli illik 5.5% azalıb

2025-ci ilin ilin ilk 11 ayında Azərbaycanın magistral neft kəmərləri ilə 33 milyon 408.9 min ton neft nəql olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5.5 faiz azdır.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Həmin dövrdə nəqlin 74.6 faizi Bakı–Tbilisi–Ceyhan (BTC) ixrac kəmərinin payına düşüb. BTC vasitəsilə 11 ayda 24 milyon 907.4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 7.2 faiz azalmanı göstərir.

BTC ilə nəql edilən həcmlərin 85.1 faizni və ya 21 milyon 199.8 min tonunu Azərbaycan nefti, 14.9 faizni və ya 3 milyon 707.6 min tonunu isə Türkmənistan və Qazaxıstandan gələn neft təşkil edib. İl ərzində BTC ilə Azərbaycan neftinin nəqlində 3.4 faiz, Türkmənistan və Qazaxıstan mənşəli neft həcmlərində isə 24.2 faiz azalma qeydə alınıb.

BTC boru kəməri hazırda əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan başqa, Türkmənistan və Qazaxıstan nefti də bu kəmərlə nəql olunur.

Beynəlxalq Enerji Agentliyinə görə, Azərbaycanda noyabr ayında gündəlik xam neft hasilatı 460 min barel olub və bu, oktyabr səviyyəsi ilə eynidir. Lakin, hasilat OPEC+ üzrə müəyyən edilmiş 550 min barellik kvotadan 90 min barel aşağı qalıb. IEA bildirir ki, Azərbaycanın davamlı istehsal gücü 480 min barel, ehtiyat hasilat potensialı isə təxminən 20 min barel/gün olaraq qiymətləndirilir. Qlobal bazarda isə noyabrda neft təklifi 610 min barel azalıb, əsas səbəb Rusiya və Venesuelaya tətbiq edilən sanksiyalardır. Tələbin 2025–2026-cı illərdə artacağı gözlənsə də, qiymətlər hələ də son illərin ən aşağı səviyyələrinə yaxın qalır.

Xatırlatma:

AÇG layihəsində pay bölgüsü belədir: BP – 30.37 faiz, SOCAR – 31.65 faiz, MOL Group – 9.57 faiz, INPEX – 9.31 faiz, ExxonMobil – 6.79 faiz, TPAO – 5.73 faiz, ITOCHU – 3.65 faiz, OVL – 2.92 faiz.

 

Son xəbərlər
Digər xəbərlər