Azərbaycanda bəzi dövlət qurumları və özəl şirkətlər ilin sonunda işçilərinə əlavə 13-cü maaş ödəyir.
Bu praktika işçilər üçün müsbət qərar olsa da bütün qurum və şirkətlərdə tətbiq olunmur.
Maraqlıdır ki, Əmək Məcəlləsində belə bir öhdəlik nəzərdə tutulurmu? 13-cü maaş işçilərin motivasiyası və sosial rifahına necə təsir edir?
Azərbaycanda Əmək Məcəlləsində və digər normativ-hüquqi aktlarda 13-cü maaşın (ildə bir dəfə əlavə maaşın) verilməsi barədə konkret tələblər yoxdur. Bu ödəniş qanunla məcburi şəkildə tələb olunmur və əmək haqqı strukturunun ayrılmaz hissəsi kimi müəyyən edilməyib.
13-cü maaş adətən ilin sonunda və ya bayramlar ərəfəsində şirkət və ya dövlət qurumunun təşəbbüsü ilə verilir. Bu, işçilərə əlavə mükafat və ya bonus kimi təqdim olunur və çox vaxt bir aylıq əmək haqqı miqdarında olur, lakin bu da standart deyil.
Onun verilməsi işəgötürənlə işçi arasındakı əmək müqaviləsində və ya kollektiv müqavilədə əks olunarsa, həmin öhdəlik yerinə yetirilməlidir. Əks halda işəgötürən bu əlavə ödənişi vermək məcburiyyətində deyil.
İqtisadçı ekspert Xalid Kərimli də açıqlamasında bildirib ki, bu praktika qanunla tənzimlənmir:
“Bu ənənə bəzi qurum və şirkətlərin şəxsi təşəbbüsü ilə reallaşır. Heç bir məcburiyyət və öhdəlik yoxdur. Təbii ki, bəzi rəhbər şəxslər öz işçilərinə qarşı bu müsbət təşəbbüsü reallaşdırırlar. Bunun da həm iş mühiti, həm də işçilərin sosial rifahı baxımdan olduca müsbət təsirləri olur. 13-cü maaşın verilməsi şirkət və ya qurumun imkanlarına bağlı olur. Əgər büdcə buna imkan verirsə, işçilərin motivasiyası baxımdan belə bir praktika tətbiq olunur”.
Qeyd edək ki, işçilərə il ərzində göstərdikləri əməyə görə əlavə mükafat verilməsi onların motivasiyasını artırır. Belə bonuslar işçilərin şirkətdə qalma istəyini və təşkilata bağlılığını gücləndirə bilər. İlin sonunda əlavə ödəniş ailələrin bayram xərclərini qarşılamağa və sosial rifahı artırmağa kömək edir.







