Bu gecə Ukrayna tərəfindən dronlar Rusiyanın bir neçə vilayətinə hücum edib, hücumlara bir neçə neft emalı zavodu və strateji əhəmiyyətli kimya müəssisəsi məruz qalıb.
Bu barədə Astra Telegram kanalıməlumat yayıb.
Kanalının yazdığına görə, Krasnodar diyarında Afipski Neft Emalı Zavodu zərbələr altında qalıb.
Bildirilir ki, hücum zamanı neft emalı zavodu ərazisində partlayış səsləri eşidilib, bundan sonra isə şəhərin bəzi rayonlarında elektrik enerjisi kəsilib. Bu hal onunla izah olunur ki, zavod əsas infrastruktur qovşağı rolunu oynayır və yaxın yaşayış məntəqələri və sənaye obyektləri üçün su təchizatı, çirkab sularının təmizlənməsi və elektrik enerjisinin ötürülməsini təmin edir.
Afipski Neft Emalı Zavodunun layihə üzrə illik emal gücü təxminən 6,25 milyon ton neft təşkil edir. Zavod benzin, dizel yanacağı, qazoyl və vakuum qazoylu, mazut, kükürd və qaz kondensatı distillatları istehsal edir və strateji əhəmiyyətinə görə dəfələrlə Ukrayna pilotsuz aparatlarının hücum hədəfi olub.
Eyni zamanda gecə saatlarında Tula vilayətinin Şekino şəhəri sakinləri də partlayışlar və yanğın barədə məlumat veriblər. Orada yerləşən “Şekinoazot” kimya zavodu yay aylarında artıq Ukrayna dronlarının hücumundan sonra fəaliyyətini dayandırmışdı. Bu müəssisə sənaye kimyası məhsullarının – metanol, kaprolaktam, mineral gübrələr və kükürd turşusunun aparıcı istehsalçısıdır.







