BENKER.AZ — 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansı 1 milyard 125 milyon ABŞ dolları kəsir (defisit) göstərib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balansında 181.6 milyon dollar profisit qeydə alınmışdı.
İlk üç rüb sonuna qeydə alınan tədiyə balansı kəsiri 2020-ci ilin son rübündən ən yuxarı həddir. Həmin il pandemiya şokundan sonra neft qiymətlərinin kəskin ucuzlaşması nəticəsində tədiyə balansımızda kəsir 2 mlrd. dollara qədər yüksəlsə də, sonrakı illərdə neft qiymətləri və üstəlik təbii qaz ixracı bu balansı ölkənin xeyrinə doğru dəyişə bilmişdi. Üst-üstə toplasaq, 2020-2024-cü illər və üstəlik 2025-cü ilin ilk üç rübünü üst üstə gəlsək tədiyə balansında ümumilikdə 14 mlrd. 261 mln. ABŞ dolları profisit var (cədvəldə göründüyü kimi).
Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, tədiyyə balansının kəsiri əsasən maliyyə və kapital hesabındakı axınlar, eləcə də beynəlxalq bazarlardakı dəyişikliklərlə bağlıdır.
İki ay öncə AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə Azərbaycanın strateji valyuta ehtiyatları 14.7 faiz və ya 10.5 milyard dollar artaraq bu il 81.5 milyard dollara bərabər olduğunu bildirmişdi.
Tədiyə balansı ölkəyə daxil olan və çıxan valyuta axınlarını göstərir. Azərbaycanda balans profisiti artdıqca manat güclənir, kəsiri artdıqca zəifləyir. Odur ki, bu dəyişmələr milli valyutanın məzənnəsi üçün mühüm indiqator sayılır. Lakin Kazımov oktyabr iclasında ölkənin strateji valyuta ehtiyatları 37 ay mal və xidmətlərin maliyyələşməsinə kifayət etiyini bildirmişdi, bu da kifayət qədər yüksək göstəricidir. AMB faizlərə dair dekabr bəyanatında isə 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qaldığını bildirib.
Cari əməliyyatlar balansı 3 milyard 0.2 milyon dollar profisit göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24.1% azdır. Nəsirov qeyd edib ki, neft və qaz tranziti gəlirləri, sərnişin və yük daşımaları, həmçinin turizm sektoru bu göstəriciyə əsas dəstək verib. Xüsusilə, nəqliyyat xidmətləri balansı 320 milyon dollar, turizm sektorunda isə Azərbaycana gələn turistlərin sayının xaricə gedənləri üstələməsi nəticəsində profisit yaranıb.
Hesabat müddətində Azərbaycan rezidentləri xarici ölkələrə 2.038 milyard ABŞ dolları birbaşa investisiya yatırıb. Ən böyük investisiya İsrailin “Tamar” qaz yatağı layihəsi ilə bağlı olub (542.6 milyon dollar). Həmçinin Türkiyəyə 289 milyon, BƏƏ-yə 250 milyon, Böyük Britaniyaya 176 milyon, İtaliyaya isə 118 milyon dollar birbaşa xarici investisiya yatırılıb. Eyni zamanda, xarici rezidentlər Azərbaycana 4.736 milyard dollar birbaşa investisiya qoyublar; ən böyük pay Böyük Britaniyaya (1.243 milyard dollar), Türkiyəyə (632 milyon dollar) və Cənubi Kiprə (543 milyon dollar) aid olub.
Kapital və maliyyənin hərəkəti hesabının mənfi saldosu 4.063 milyard dollar təşkil edib. Bu dövrdə Azərbaycanın xalis maliyyə aktivləri 4.479 milyard, xalis maliyyə öhdəlikləri isə 415.9 milyon dollar artıb. Birbaşa xarici investisiyalarda xalis kəsir təxminən 1.2 milyard dollar olub.
Pul köçürmələrində isə Azərbaycana 849.9 milyon dollar daxil olub, ölkədən isə 361.4 milyon dollar göndərilib. Xaricdən ən çox pul baratı Rusiya (343.9 milyon dollar), Türkiyə (140.3 milyon dollar), ABŞ (74.1 milyon dollar) və Böyük Britaniyadan (30.7 milyon dollar) daxil olub. Ölkədən ən çox vəsait Türkiyəyə (104.5 milyon dollar), ABŞ-a (55.7 milyon dollar) və Rusiyaya (34.3 milyon dollar) göndərilib.









