9 C
Baku
Wednesday, December 17, 2025

Marşall adalarında ilk dəfə qeyd-şərtsiz baza gəliri tətbiq edilib — Əhaliyə rübdə bir dəfə $200 ödəniləcək

Marşall adalarında ilk dəfə olaraq qeyd-şərtsiz baza gəliri tətbiq edilib. Bu sistem dövlət tərəfindən bütün vətəndaşlara şəxsi gəlir səviyyəsindən asılı olmayaraq müntəzəm ödənişlərin verilməsini nəzərdə tutur. Marşall adalarının vətəndaşları hökumətdən heç bir şərt olmadan rübdə bir dəfə 200 dollar alacaqlar. 2025-ci ilə olan məlumata görə, Marşall adalarında adambaşına düşən ÜDM təxminən 8 290 dollar, vətəndaşların orta aylıq gəliri isə 800–1 000 dollar təşkil edir.

Bu, dünyada qeyd-şərtsiz baza gəlirinin ümummilli səviyyədə tətbiq olunduğu ilk haldır. Daha əvvəl Kanada, İtaliya, İran, İsveçrə, Finlandiya, Hindistan, Keniya, Namibiya, Cənubi Afrika Respublikası və bir sıra digər ölkələrdə yalnız ayrı-ayrı şəhər və ya kiçik regionlar səviyyəsində bu kimi pilot layihələr həyata keçirilib. Əhalisi təxminən 42 min nəfər olan Marşall adalarında şərtsiz baza gəlirinin tətbiqinin unikallığı ondan ibarətdir ki, vətəndaşlar ödənişləri həm adi valyuta ilə, həm də ABŞ dövlət istiqrazları ilə təmin olunmuş steyblkoinlər şəklində alacaqlar.

Ada dövlətinin hakimiyyəti bildirir ki, qeyd-şərtsiz baza gəlirinin məbləği insanların işləməkdən imtina edib tənbəlləşməsi üçün kifayət qədər yüksək deyil. “Biz, hökumət olaraq, sadəcə heç kimin kənarda qalmasını istəmirik”, — ölkənin maliyyə naziri Devid Pol “The Guardian”a müsahibəsində bildirib. Onun sözlərinə görə, “hər rübdə adambaşına 200 dollar ildə 800 dollar deməkdir və bu, işi atmaq üçün kifayət qədər böyük məbləğ deyil. Amma biz bunu insanlar üçün yaxşı mənəvi dəstək hesab edirik”.

Son xəbərlər
Digər xəbərlər