“MetaX Integrated Circuits” mikrosxem istehsalçısının səhmləri Şanxay Fond Birjasında keçirilən debüt ticarəti zamanı ilkin yerləşdirmə qiyməti ilə müqayisədə 755% artaraq 895 yuana (127 dollar) yüksəlib. Ticarətin bağlanışına doğru artım tempi zəifləyib və səhmlər 693% bahalaşaraq 829,9 yuan (118 dollar) səviyyəsində qərarlaşıb. Bu, ticarət məlumatlarından irəli gəlir.
“Bloomberg” yazır ki, “MetaX”in IPO qiyməti 104,66 yuan (14,9 dollar) təşkil edib və yerləşdirmə nəticəsində 585,5 milyon dollar vəsait cəlb olunub. Agentliyin qeyd etdiyinə görə, ilk ticarət günündə səhmlərin bu cür kəskin bahalaşması “MetaX”in debütünü son on il ərzində Çində 500 milyon–1 milyard dollar həcmində IPO həyata keçirən şirkətlər arasında ən uğurlusu edib. Pərakəndə investorlar üçün ayrılmış IPO hissəsində tələb təklifi 2 986 dəfə üstələyib.
“MetaX” süni intellekt üçün nəzərdə tutulmuş qrafik prosessorların istehsalı ilə məşğuldur. İnvestorlar ABŞ hakimiyyətinin “Nvidia”nın ən qabaqcıl çiplərinin Çinə tədarükünü bloklamasından sonra, qlobal bazar liderinə yerli rəqib ola biləcək qabaqcıl Çin şirkətlərinə üstünlük verirlər. Daha əvvəl Şanxay birjasına bu sahədə fəaliyyət göstərən digər şirkət — “Moore Threads” çıxmışdı. Onun IPO-su 1,1 milyard dollar cəlb edib, səhmlər isə ilk ticarət günündə 500% bahalaşıb. Bir neçə həftə ərzində, dekabrın 17-nə olan məlumata görə, “Moore Threads”in kotirovkaları yerləşdirmə qiymətindən 525% yuxarı — 714,8 yuan (101,5 dollar) səviyyəsində olub.
“Beijing Gelei Asset Management Center”in tərəfdaşı Çjan Kesinin fikrincə, idxalı əvəzləmə mövzusu bu şirkətlərin sürətli artımını stimullaşdırmağa davam edəcək. Onun proqnozuna görə, bəzi şirkətlərin bazar kapitallaşması 1 trilyon yuana (142 milyard dollar) çata bilər.
“MetaX” ABŞ-nin çip istehsalçısı AMD-dən çıxmış mütəxəssislər tərəfindən yaradılıb; şirkətin baş direktoru Çen Veylyan da vaxtilə AMD-də çalışıb. Səhmlərin prospektində qeyd olunduğu kimi, “MetaX” 2024-cü ildə Çinin süni intellekt çipləri bazarının təxminən 1%-nə sahib olub.








