Məlumatlı mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti Vladimir Putinin Ukrayna ilə sülh sazişindən imtina edəcəyi təqdirdə Moskvaya təzyiqi artırmaq məqsədilə Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edəcək.
Vaşinqton bir neçə variantı nəzərdən keçirir. Bunlara Rusiya neftinin daşınması üçün istifadə edilən və “kölgə donanması” adlandırılan tanker gəmilərinin, eləcə də bu əməliyyatlara dəstək verən treyderlərin təqibi daxildir.
Mənbələr qeyd ediblər ki, yekun qərar ABŞ prezidenti Donald Trampın səlahiyyətindədir. ABŞ Maliyyə Nazirliyinə qeyri-iş vaxtında göndərilən şərh sorğusu cavabsız qalıb.
2022-ci ildə Ukraynada müharivə başlayandan bəri Rusiyaya qarşı tətbiq olunan bir sıra sanksiyalar hələlik Moskvanın planlarına ciddi təsir göstərməyib. Lakin iri Rusiya neft şirkətlərinə və ticarətinə yönəlmiş tədbirlər neft qiymətlərinin işğalın əvvəlindən bəri ən aşağı səviyyəyə düşməsinə səbəb olub ki, bu da ölkədə iqtisadi vəziyyəti daha da ağırlaşdırıb.
Gələcək sanksiyalarla bağlı müzakirələr ABŞ və Ukrayna nümayəndələri arasında aparılan danışıqlarda irəliləyiş fonunda baş verir. ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff Berlində Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə iki günlük danışıqlar aparıb.
ABŞ, Ukrayna və Avropa rəsmiləri Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın əldə olunmasında ciddi irəliləyişin olduğunu bildiriblər.
Bununla belə, Ukraynanın şərqindəki ərazilərin gələcək statusu, Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən istifadə və Zaporojye Atom Elektrik Stansiyasının idarə olunması məsələləri mübahisəli olaraq qalır. Kiyev Rusiyanın mümkün yeni hücumu halında müttəfiqlərindən yazılı zəmanətlər tələb edir.
Rusiya Ukraynadan 2014-cü ildən silahlı münaqişənin davam etdiyi Donetsk və Luqansk vilayətləri daxil olmaqla Donbas ərazilərindən imtina etməyi tələb edir. ABŞ bu ərazilərin xüsusi idarəetmə altında demilitarizasiya olunmuş və ya azad iqtisadi zona statusu almasını təklif edib.
Bu planlar çərçivəsində Qərbin həmin əraziləri Rusiya ərazisi kimi tanıyıb-tanımayacağı və Moskvanın hansı güzəştlərə hazır olduğu hələ də aydın deyil. Kiyev və onun müttəfiqləri ərazi güzəştlərinə və strateji əhəmiyyətli bölgələrdən qoşunların çıxarılmasına qarşı çıxırlar.
Ərazi və təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlər danışıqları çətinləşdirir və hələlik Putinin məqsədlərini dəyişməyə hazır olduğuna dair əlamətlər yoxdur.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu həftə böhranın tezliklə başa çatacağına əmin olduğunu bildirib. Bununla belə, o, Moskvanın ərazi tələblərinin dəyişməz qaldığını vurğulayıb və sülh sazişi çərçivəsində Ukraynada NATO qoşunlarının yerləşdirilməsini istisna edib.
Cari ildə Brent markalı neftin fyuçersləri 20% ucuzlaşıb və 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb. ABŞ Rusiyanın dörd iri neft istehsalçısına və onların daşınmasında iştirak edən yüzlərlə tankerə qarşı sanksiyalar tətbiq edib.
Dekabrın 2-də Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Kremlində Putinlə beş saatlıq danışıqlar aparıblar.
Zelenski bildirib ki, ABŞ ilə təhlükəsizlik zəmanətlərinin Konqresdə səsvermə yolu ilə hüquqi cəhətdən rəsmiləşdirilməsinə dair razılaşması var. O, həmçinin Rusiya ilə əlavə məsləhətləşmələrin gözlənildiyini və Ukrayna danışıqlar qrupunun yaxın günlərdə yenidən ABŞ-yə qayıda biləcəyini qeyd edib.







