ABŞ Tayvana ümumi dəyəri 11,1 milyard dollar olan silah satışını təsdiqləyib. “Reuters” agentliyinin məlumatına görə, bu, yarımada üçün nəzərdə tutulan ən böyük silah paketidir.
“Tayvan boğazında və Hind–Sakit okean regionunda sülh və sabitlik beynəlxalq ictimaiyyətin təhlükəsizliyi və rifahı üçün zəruridir”, — deyə Tayvan administrasiyasının nümayəndəsi Karen Kuo razılaşmanı şərh edib.
Pentaqonun Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin bəyanatına əsasən, ABŞ Tayvana 4,03 milyard dollar dəyərində M107A7 özüyeriyən artilleriya qurğuları və onlara aid avadanlıqların satışını təsdiqləyib. Bundan əlavə, 375 milyon dollar dəyərində Javelin sistemləri, 1,1 milyard dollar dəyərində ALTIUS-700M və ALTIUS-600 pilotsuz sistemləri, 4,05 milyard dollar dəyərində HIMARS reaktiv yaylım atəşi sistemləri (RYAS) və digər hərbi avadanlıqlar da paketə daxildir.
Bundan əvvəl adanın administrasiya rəhbəri Lay Tsinde Tayvanın ABŞ-dən silah alınması üçün əlavə 40 milyard dollar həcmində hərbi büdcə formalaşdırdığını bildirmişdi. Onun sözlərinə görə, administrasiya 2026-cı ildə müdafiə büdcəsini ÜDM-in 3%-nə, 2030-cu ilə qədər isə 5%-nə çatdırmağı planlaşdırır. Çinli hərbi mütəxəssislərin məlumatına görə, son illərdə ABŞ-nin Tayvana hərbi tədarükünün həcmi 70 milyard dolları ötüb.







