Tibbi məhsullar istehsalçısı “Medline” ABŞ-də keçirilən ilkin səhmlərin yerləşdirilməsi (IPO) zamanı 6,26 milyard dollar cəlb edib. “Bloomberg” şirkətin açıqlamasına istinadən yazır ki, bu, 2025-ci ildə ən böyük IPO olub.
“Medline” hər bir səhmi 29 dollar olmaqla 216 milyon səhm satıb. IPO qiyməti bir səhm üçün 26–30 dollar aralığında müəyyən edilən qiymət diapazonunun yuxarı həddinə yaxın olub. “Bloomberg”in hesablamalarına görə, “Medline”in bazar kapitallaşması təxminən 39 milyard dollar təşkil edib. “Medline” səhmlərinin Nasdaq birjasında ticarətinə çərşənbə günü, 17 dekabrda MDLN tikeri ilə başlanacaq.
“Medline” xəstəxanalarda və özəl tibb kabinetlərində istifadə olunan tibbi ləvazimatların — əlcəklərin, xalatların, diaqnostik masaların istehsalı ilə məşğuldur. Şirkət IPO üçün ərizəni ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) oktyabr ayında, ABŞ hökumətinin fəaliyyətinin dayandırıldığı dövrdə təqdim edib. 2025-ci ilin doqquz ayının yekunlarına əsasən, “Medline”in gəliri 20,6 milyard dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə təxminən 10% çoxdur.
“Medline”in IPO-su Çin akkumulyator istehsalçısı CATL-in Honq-Konq fond birjasında keçirdiyi və opsionlar daxil olmaqla 5,3 milyard dollar cəlb etdiyi yerləşdirməni üstələyib. Bundan əvvəl ABŞ-də ən böyük IPO təbii qaz ixracatçısı “Venture Global”ın yerləşdirilməsi hesab olunurdu — şirkət 1,75 milyard dollar cəlb etmişdi. “Bloomberg” qeyd edir ki, “Medline” son on ildə ABŞ-də səhmlərin yerləşdirilməsi zamanı 5 milyard dollardan çox vəsait cəlb edən cəmi beşinci şirkət olub. Bu siyahıya “Uber Technologies”, “Lineage”, “Rivian Automotive Inc.” və “Arm Holdings” də daxildir.
Ümumilikdə, 2025-ci ilin əvvəlindən etibarən ABŞ-də keçirilən IPO-lar 46 milyard dollardan çox vəsait cəlb edib, “Bloomberg” hesablayıb. “Medline”in yerləşdirilməsi də nəzərə alınsa belə, bu göstərici koronavirus pandemiyasından əvvəl — 2010-cu illərdə müşahidə olunan orta səviyyədən (təxminən 50 milyard dollar) bir qədər aşağı qalacaq.








