1 C
Baku
Saturday, December 14, 2024

Supermarketlərə necə qalib gəlmək olar?

Hər dəfə supermarketə və yaxud mağazaya daxil olduqda görünməz müharibə meydanına qədəm qoyuruq. Hiyləgər satıcılar məhsullarla zəngin rəflərin arasında bizləri qara-ba-qara izləyir, kreativlər cəlbedici reklamla diqqətimizi çəkir, kulinarlar ləzzətli qoxular ilə ağlımızı başdan almağa çalışır. Bu zaman isə bizim məqsədimiz bütün bu tələlərə düşməmək və evə minimal xərclərlə geri dönməkdir. Bu isə heç də hər kəsə nəsib olmur. Bu səbəbdən də, bu məqalədə sizləri spontan alış-veriş etmək həvəsinə qalib gəlməyə kömək edən və yalnızca sizə lazımlı və faydalı məhsullara üstünlük verməyə yardım edəcək məsləhətlər ilə tanış edəcəyik.

Supermarketə getmədən öncə alış-veriş siyahısı tərtib edin və yalnızca ondan istifadə edin:

Son nəticədə çoxlu pul qazanmaq üçün işdə öz fəaliyyətimizi saatlarla planlaşdıra bilərik.  Bəs nəyə görə, o zaman onları havay sovurmamaq üçün də planlar qurmuruq?! Alış-verişə yollanmadan öncə alacağınız məhsulların siyahısını tərtib edin və maksimum halda bu siyahıdan kənara çıxmamağa çalışın.

Zaman şopingi:

Artıq bir neçə müstəqil araşdırma sübut etmişdir ki, mağazada nə qədər çox zaman keçirirsinizsə, bir o qədər çox pul xərcləyirsiniz. Bu səbəbdən də, sadəcə zaman öldürmək məqsədilə hər hansı ticarət məntəqəsinə daxil olmayın. Bundan əlavə, alış-veriş üçün nəzərdə tutduğunuz müddəti məhdudlaşdırın və müəyyən müddət sonra nə qədər qənaət etdiyinizin fərqinə varacaqsınız.

Nisbətən aşağı rəflərə diqqət edin:

Ola bilsin fərqində olmasanız belə mağazalarda məhsulların rəflərə düzülüşü əsl incəsənətdir. Satıcılar artıq çoxdan bilirlər ki, əslində yaxşı olan məhsul deyil, düzgün yerdə – göz önündə yerləşdirilmiş məhsullar satılır. Bu səbəbdən də, nisbətən baha qiymətə sahib məhsullar daha əlçatan yerlərdə, ucuz məhsullar isə ən aşağı rəflərdə yerləşdirilir.

Böyük zənbillərdən yayının:

Supermarketlərin rəhbər tutduqları əsas ideya – “Zənbil nə qədər böyük olarsa, bir o qədər yaxşıdır” ideyasıdır. Belə ki, müştəri özü də fərqində olmadan, zənbilin dolu görünməsi üçün daha çox məhsul alacaq. Bu səbəbdən də, bu tələyə düşməmək üçün mağazaya daxil olarkən nisbətən kiçik olan zənbillərə müraciət edin.

Bonus və aksiyaları izləyin:

Bir çox ticarət məntəqələri və supermarketlər müştəri davamiyyətini təmin etmək məqsədilə mütəmadi olaraq endirimlər və müxtəlif məhsullar üçün aksiyalar təklif edirlər. Bu təkliflərdən ağılla və düzgün şəkildə istifadə etməklə müəyyən məbləğə qənaət edə bilərsiniz. Əsas olan soyuqqanlığı qorumaq və ümumiyyətlə sizə lazımsız olan məhsulu almaqdan çəkinməkdir. Belə ki, hər hansı məhsulun sırf endirimdə olması səbəbindən almaq heç də məntiqli davranış deyil. Ona ümumiyyətlə ehtiyacınız olmaya bilər.

Özünüzə bir günü “hədiyyə” edin:

Əgər ciddi şəkildə alış-veriş ilə bağlı qənaət etməyə qərar vermisinizsə, tezliklə özünüzü məyus və təminatsız hiss edə bilərsiniz. Buna görə də, istəklərinizi həddindən artıq qəddar şəkildə boğmaq da məsləhət görülmür. Özünüz üçün bir gün təyin edin, məsələn həftə sonunun bir gününü seçin və həmin gün öz istəklərinizi həyata keçirin. Həftənin bir günü planlaşdırılmamış alış-veriş etmək hər bir halda əvvəllər etdiyiniz kimi hər gün faydasız alış-veriş etməkdən qat-qat üstündür və son nəticədə şəxsi büdcənizə böyük zərərlə başa gəlməyəcək.

Son xəbərlər
Digər xəbərlər