12 C
Baku
Wednesday, December 24, 2025

Kişilər üçün nəzərdə tutulan ödənişli məzuniyyət necə hesablanacaq?

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də kişi cinsindən olan işçilərin övladının dünyaya gəlməsi ilə bağlı ödənişli məzuniyyət hüququnun təmin edilməsidir. Əmək Məcəlləsinin 125-ci maddəsinə (“Hamiləliyə və doğuşa görə məzuniyyətlər”) əlavə edilməsi təklif olunan bəndə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə, ümumilikdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.

Yeniliyi “vergiler.az”a şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, Beynəlxalq Əmək Təşkilatının “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında” 165 nömrəli tövsiyəsinə görə, hər iki valideyn – həm ana, həm də ata doğuşdan dərhal sonra müəyyən müddət ərzində uşağa qulluq etmək üçün məzuniyyətə çıxmaq imkanına malik olmalıdır. Təklif edilən və şərti olaraq “atalıq məzuniyyəti” adlandırılan bu dəyişikliyin də həmin tövsiyəyə uyğun hazırlandığını demək olar: “Təklif edilən “atalıq məzuniyyəti” ilə bağlı bir neçə əsas məqama diqqət yetirək. Birinci məqam ondan ibarətdir ki, işçi bu ödənişli məzuniyyətdən istifadə etmək üçün uşağının doğulması ilə əlaqədar tibb müəssisəsi tərəfindən verilmiş arayışı işəgötürənə təqdim etməlidir. İkinci məqam isə 14 günlük ödənişli məzuniyyətin istifadə dövrü ilə bağlıdır. Təklifə əsasən, bu məzuniyyət doğuşdan əvvəl və ya doğuşdan sonrakı dövrdə tam şəkildə istifadə edilə bilər”.

A.Bayramov dəyişiklikdə diqqətçəkən məqamlardan birinin kişi işçilər üçün nəzərdə tutulan 14 günlük ödənişli məzuniyyətin hesablanması qaydası ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Əmək Məcəlləsinin 177-ci maddəsinin (“Orta əməkhaqqı və onun hesablanması qaydası”) 5-ci bəndinə təklif edilən dəyişikliklə “atalıq məzuniyyəti” dövründə əməkhaqqının da məhz həmin maddəyə uyğun hesablanması nəzərdə tutulur. Bu zaman illik əmək məzuniyyətində olduğu kimi, son 12 ay üzrə gəlirlər əsas götürülməyəcək: “Belə ki, işçi “atalıq məzuniyyəti”ndən istifadə etdikdə, 14 təqvim gününə təsadüf edən iş günlərinə görə əməkhaqqının hesablanması Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun həyata keçiriləcək. Məsələn, əgər məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı 10 gün təşkil edərsə, bu halda işəgötürən işçinin son iki ay üzrə bir iş gününə düşən orta əməkhaqqını müəyyən edərək, həmin məbləği 10 iş gününə vurmaqla “atalıq məzuniyyəti” üçün ödəniləcək məbləği hesablayacaq”.

Son xəbərlər
Digər xəbərlər