2025-ci ildə ABŞ-nin ən böyük texnologiya şirkətlərinin rəhbərlərinin sərvəti 550 milyard dollardan çox artıb. Bu barədə “The Financial Times” (FT) qəzeti yazır.
Nəşr hesablamaları “Bloomberg” agentliyinin milyarderlər reytinqinin məlumatları əsasında aparıb. ABŞ-nin texnologiya şirkətlərində çalışan ən varlı on top-menecerin ümumi sərvəti 2,5 trilyon dollar həcmində qiymətləndirilir. İlin əvvəlində bu göstərici 1,9 trilyon dollar olub. Artımın əsas səbəbi kimi süni intellekt texnologiyaları əsasında məhsullar üçün mikrosxemlərin istehsalına böyük həcmdə investisiyalar və hesablama mərkəzlərinin tikintisi göstərilir. Eyni zamanda, son aylarda investorlar Sİ bazarında “köpük” yaranmasından narahat olmağa başlayıblar, nəşr qeyd edir.
“Bütün bunlar risklidir və Sİ-nin uğuru ilə bağlıdır. Gözləntilərin doğrulub-doğrulmayacağı böyük sual altındadır, lakin investorlar onların doğrulacağına mərc edirlər”, — deyə Harvard Universitetinin iqtisadiyyat professoru Ceyson Furman qəzetə bildirib.
“Bloomberg” reytinqində lider mövqeni sahibkar İlon Mask qoruyur. Onun sərvəti cari ildə təxminən 50% artaraq 645 milyard dollara çatıb. Yalnız qısa müddətə, sentyabr ayında onu birinci yerdən “Oracle” korporasiyasının həmtəsisçisi Larri Ellison sıxışdırıb. Hazırda Ellison 251 milyard dollar sərvətlə dördüncü yerdədir və “Google”un həmtəsisçisi Larri Peyc (270 milyard dollar) və “Amazon”un idarə heyətinin sədri Ceff Bezosdan (255 milyard dollar) geri qalır.






