Azərbaycan və ABŞ Strateji Əməkdaşlıq Xartiyasının mətninin hazırlanması üzərində işi yekunlaşdırmağa yaxındır.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yekun mətbuat konfransında bildirib.
XİN başçısı vurğulayıb ki, bu il ərzində Bakı ilə Vaşinqton arasında çox ciddi işlər həyata keçirilib.
“Avqustun 8-də iki prezident tərəfindən imzalanan Anlaşma Memorandumu çox konkret məqsədləri olan işçi qrupun yaradılmasını müəyyən edirdi. Bu işçi qrup Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması ilə bağlıdır. Orada bu sənədin əhatə etməli olduğu istiqamətlər çox dəqiq müəyyən edilib. Bunlar investisiyalar, iqtisadiyyat, enerji, nəqliyyat, süni intellekt, rəqəmsallaşma, təhlükəsizlik və müdafiə məsələləridir”, – o bildirib.
Nazirin sözlərinə görə, sənədin hazırlanması üçün altı ay vaxt ayrılıb.
“Bütün bu aylar ərzində çox intensiv iş aparılıb. Müəyyən istiqamətlər və mövzular üzrə çoxsaylı ikitərəfli görüşlər keçirilib. ABŞ missiyaları Bakıya gəlib. Bizim nümayəndə heyətlərimiz də ABŞ-yə səfər edərək görüşlər keçirib. Dekabrın 19-da onlayn formatda keçirilmiş görüşdə bütün işçi qruplar, Xarici İşlər Nazirliyi və Dövlət Departamentindən məsul həmkarlar mətni nəzərdən keçirdilər. Hesab edirəm ki, biz yekun mətnə yaxınıq və iki ölkə arasında çox ümidverici və fikrimizcə, qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyacaq razılaşdırılmış sənəd layihəsini rəhbərlərimizə təqdim etmək üçün ayrılmış müddətdən kənara çıxmayacağıq”, – C.Bayramov qeyd edib.








