Azərbaycanda ipoteka kreditlərinin orta faizləri 2020-ci ilin noyabrından bəri maksimal səviyyə olan 6.39%-ə yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində bildirilir.
İpoteka faizləri 2020-ci ilə qədər 7%-ə yaxın ərazidə olsa da, həmin tarixdən 2022-ci ilin yayına qədər sürətlə enərək 6.31%-ə düşmüşdü. 2022–2023-cü illərdə ipoteka kreditlərinin aylıq həcmləri də artan xətlə yüksəlməkdə idi. Həmin tarixdən bu günə qədər isə Azərbaycan Mərkəzi Bankının sərt monetar siyasəti şəraitində ipoteka faizləri yüksəlib. Bu artımı dəstəkləyən təkcə uçot faiz dərəcəsi deyil, həmçinin məcburi ehtiyat normaları üzrə faizlərin sərtləşdirilməsi də təsir edib.
Həcmlərə gəldikdə isə, 2025-ci ilin yanvar–noyabr dövründə banklar tərəfindən 393.3 mln. manat ipoteka krediti verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.7% azdır. İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri isə illik müqayisədə 4.7% azalaraq 399.3 mln. manat təşkil edib.
Bununla yanaşı, dövlət büdcəsindən İpoteka və Kredit Zəmanəti Fonduna ayrılmış vəsait 2025-ci ilin ilk 11 ayında 85 mln. manat olub ki, bu da bir il əvvəllə müqayisədə 3.1% azalma deməkdir. Fondun yerləşdirdiyi istiqrazların həcmi isə əvvəlki illə eyni olaraq 550 mln. manat səviyyəsində qalıb və bazarda maliyyə dəstəyinin stabil saxlanıldığını göstərir.
Hazırda ölkədə daxili ipoteka kreditlərinin payı əvvəlki illə müqayisədə nisbətən yüksəkdir. Bankların daxili ipoteka kreditlərinin verilməsində əvvəlki illərdə olduğu kimi maraqlı olmamaları faizlərin yuxarı istiqamətdə artmasına dəstək verir.
Bunu ölkədəki ümumi ipoteka kreditləri portfelində də görmək mümkündür. Məsələn, 1 oktyabr tarixinə 4 mlrd. 548.22 mln. manat təşkil edən ümumi portfel noyabrın əvvəlinə cüzi də olsa azalaraq 4 mlrd. 458.02 mln. manata düşüb. Bu, pandemiya dövründən sonra müşahidə edilən ilk azalmadır. Ümumilikdə, son iki ildə bu kreditlərdə dinamika daha zəif olub.
Mərkəzi Bankın mövzu ilə bağlı şərhi
AMB-nin may ayında təqdim etdiyi sorğuya əsasən, banklar növbəti rübdə ümumi ipoteka kreditləri, o cümlədən İKZF hesabına verilən kreditlər üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirdilər.
Sorğu nəticələrinə görə, 2025-ci ilin I rübündə ümumi ipoteka kreditləri üzrə tələbdə artım trendi davam edib. Respondentlərin cavablarına əsasən, tələbdəki artım əsasən İKZF hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. Cari ilin I rübündə tələbin artmasına təsir göstərən əsas faktor ilin əvvəlində İKZF tərəfindən ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlərin ayrılması olub.
Banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyini, daxili ipoteka kreditlərində isə tələbdə dəyişiklik olmayacağını bildiriblər.










