3 C
Baku
Monday, December 29, 2025

Dövlət müəssisələri xalis mənfəətinin azı 30 %-ni dividend kimi büdcəyə ödəyəcək

Maliyyə Nazirliyi Prezident İlham Əliyevin bu gün dövlət müəssisələri ilə bağlı imzaladığı fərmanı şərh edib.

Nazirlik xatırladıb ki, dövlət başçısı “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi ilə bağlı fərman imzalayıb.

“Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 25 avqust 2025-ci il tarixli Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilən qaydalar dövlət maliyyəsinin səmərəli idarəedilməsi, dövlət müəssisələrinin büdcə planlaşdırılmasında və fəaliyyətində şəffaflığının artırılması, dövlət müəssisələrində uçot və hesabatlılığın təkmilləşdirilməsi, dövlət büdcəsi qarşısında yarana biləcək öhdəliklərin öncədən müəyyən edilməsi, habelə dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin müəyyən edilməsi məqsədi daşıyır.

Təsdiq edilən qaydalara əsasən, dövlət müəssisələrinin illik və ortamüddətli büdcə layihələri, proqnozları, eləcə də gəlir və xərc smetalarının icra vəziyyəti sistemli şəkildə monitorinq ediləcək, icra göstəriciləri təhlil olunacaqdır. Həmçinin dövlət müəssisələri dövlət büdcəsinə xalis mənfəətindən minimum 30 %-i qədər dividend ödəyəcək.

Dövlət müəssisələri 2026-cı il aprelin 1-dən etibarən müəyyən edilmiş forma və müddətlərdə büdcə göstəricilərini və İFRS-ə uyğun maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edəcək, Nazirlik illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirəcək və icra göstəricilərini təhlil edəcək, habelə aparılmış təhlillərin nəticələri barədə 2026-cı ildən başlayaraq rübdə bir dəfə olmaqla ölkə başçısına məlumat təqdim edəcək.

Sözügedən Fərmana əsasən dövlət müəssisələri əvvəlki illər üzrə maliyyə hesabatlarını və 2026-cı il üçün təsdiq edilmiş büdcələrini də 2026-cı il aprelin 30-na qədər Nazirliyə təqdim edəcəklər.

Qaydaların təsdiqi ilə bağlı müddəalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər