2025-ci il ərzində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus iki gəmi və Şirkətin “SA Maritime AFZECO” birgə müəssisəsi vasitəsilə birgə sahib olduğu üç gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyalarına məruz qalıb.
Banker.az bunu şirkətin hesabatına istinadən xəbər verir.
Məlumata görə, ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb və Şirkətin, həmçinin birgə müəssisənin müvafiq sanksiyaları pozmadığını sübut etmək məqsədilə apelyasiya müraciəti hazırlayır.
Konsolidə edilmiş maliyyə hesabatlarının dərc edildiyi tarixə apelyasiyanın nəticəsi və baxılma müddəti qeyri-müəyyən olaraq qalır.
Qeyd edilir ki, tətbiq olunan sanksiyalar ASCO-nun gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir göstərə bilər. Rəhbərlik mövcud vəziyyəti ciddi nəzarətdə saxladığını və prosesin gedişindən asılı olaraq müvafiq tədbirlər görəcəyini bildirib.
Xatırladaq ki, 2024-cü ili 14.5 mln. manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2023-cü illə müqayisədə 29.19 mln. manat və ya təxminən 67% azdır. Halbuki, 2023-cü ildə şirkətin xalis mənfəəti 43.69 mln. manat təşkil etmişdi. Azalma əsasən şirkətin gəlirlərinin kəskin enişi ilə əlaqəlidir.







