Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il mayın 1-nə 21 736,2 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankın (AMB) verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi ilin əvvəlindən 2 844,7 mln. manat və ya 11,57%, aprelin 1-nə nisbətən isə 893,4 mln. manat və ya 3,94% azalıb. İqtisadiyyata kredit qoyuluşları keçən ilin analoji dövrü ilə müqayisədə 765,9 mln. manat və ya 3,4% artıb.
Ötən ilin dekabrında baş verən ikinci devalvasiya nəticəsində dollar kreditləri yanvarda məcmu kredit qoyuluşlarını artırıb. Lakin fevral-aprel aylarında kredit qoyuluşları azalma tendensiyasını davam etdirib. Buna səbəb kimi bank sektorunun kreditləşməni dayandırması və dövlət investisiya qoyuluşlarının azalması amili göstərilir.
Reportun analitik qrupu 2016-cı ilin may statistikasında iqtisadiyyata kredit qoyuluşlarının daha sərt azalacağını ehtimal edir: “Bunun səbəbi aprel ayında manatın məzənnəsinin dollarla müqayisədə möhkəmlənməsi və bankların kreditləşməni bərpa etməməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənnəsinin artması dollar kreditlərinin manat ekvivalentində dəyərini aşağı salıb”.