Xəbər verdiyimiz kimi, 1 yanvar 2026-cı ildən əməkhaqqından tutulan vergilərlə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər qüvvəyə minib. Hüquqşünas Şəhriyar Həbilov bu il üçün işçilərin əməkhaqqından tutulmaları təqdim edir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda əməkhaqqına tətbiq ediləcək yeniliklərin qüvvəyə minməsini nəzərə alaraq, 2026-cı ildən əməkhaqqından tutulmaların aşağıdakı kimi olacağını demək mümkündür:

– gəlir vergisi;
– məcburi dövlət sosial sığorta haqqı;
– işsizlikdən sığorta haqqı;
– icbari tibbi sığorta haqqı.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərə münasibətdə vergi, tibbi və sosial sığorta haqları üzrə dəyişikliklər qüvvəyə minib. Beləliklə, 2026-cı ildə hesablamalar aşağıdakı qaydada aparılacaq:

Misal 1: Tutaq ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxsin qross əməkhaqqı məbləği 400 manatdır. Həmin məbləğdən tutulmalar belə hesablanacaq:

a) Gəlir vergisi (dəyişir) – 400 manat əməkhaqqının 200 manatlıq hissəsinə görə vergi tutulmur, qalan hissə üzrə isə 3%, ümumilikdə 6 manat gəlir vergisi tutulacaq:

400 – 200 = 200 manat;
200 x 3% = 6 manat.

b) Məcburi dövlət sosial sığorta haqqı (dəyişmir) – 400 manat əməkhaqqının 200 manat hissəsinə görə 3%-i, yəni 6 manat, 200 manatdan yuxarı hissə üçün isə həmin məbləğin 10%-i, yəni 20 manat hesablanacaq:

400 – 200 = 200 manat;
200 x 3% = 6 manat;
200 x 10% = 20 manat;
6 + 20 = 26 manat.

c) İşsizlikdən sığorta haqqı – 400 manatın 0,5%-i

400 x 0,5% = 2 manat.

d) İcbari tibbi sığorta haqqı – 400 manatın 2%-i

400 x 2% = 8 manat.
400 – (6 + 26 + 2 + 8) = 400 – 42 = 358 manat.

Deməli, qross əməkhaqqı 400 manat olan fiziki şəxsin alacağı net məbləğ 358 manat olacaq.

Misal 2: Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxsin qross əməkhaqqı məbləği 3.000 manatdır (2.500-8.000 manat aralığında). Həmin məbləğdən tutulmalar belə hesablanacaq:

a) Gəlir vergisi – 75 manat + 2.500 manatdan yuxarı məbləğin 10%-i:

3.000 – 2.500 = 500 manat;
500 x 10% = 50 manat;
Cəmi: 75 + 50 = 125 manat.

b) Məcburi dövlət sosial sığorta haqqı (dəyişmir):

3.000 – 200 = 2.800 manat;
200 x 3 % = 6 manat;
2.800 x 10% = 280 manat;
Cəmi: 6 + 280 = 286 manat.

c) İşsizlikdən sığorta haqqı:

3.000 x 0,5% = 15 manat;

d) İcbari tibbi sığorta haqqı: 2.500 manata görə 2%, yuxarı olan 500 manata görə 0,5% hesablanır:

2.500 x 2% = 50 manat;
500 x 0,5% = 2,5 manat;
50 + 2,5 = 52,5 manat.

Yekun: 3.000 – (125 + 286 + 15 + 52,5) = 3.000 – 478,5 = 2521,5 manat.

Net əməkhaqqı məbləğı 2.521,5 manat olacaq.

Misal 3: Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxsin qross əməkhaqqı məbləği 8.100 manatdır (8.000 manatdan yuxarı). Həmin məbləğdən tutulmalar belə hesablanacaq:

a) Gəlir vergisi – 8.000 manatlıq hissə üzrə 625 manat, 8.000 manatdan yuxarı məbləğin 14%-i məbləğində tutulacaq:

8.100 – 8.000 = 100 manat;
100 x 14% = 14 manat;
Cəmi: 625 + 14 = 639 manat.

b) Məcburi dövlət sosial sığorta haqqı: 8.000 manatlıq hissəsi üzrə 786 manat, 100 manata görə isə 10 hesablanacaq:

Cəmi: 786 + 10 = 796 manat.

c) İşsizlikdən sığorta haqqı:

8.100 x 0,5% = 40,5 manat.

d) İcbari tibbi sığorta haqqı: 2.500 manata görə 2%, ondan yuxarı olan 5.600 manata görə 0,5% hesablanacaq:

2.500 x 2% = 50 manat;
5.600 x 0,5% = 28 manat;
50 + 28 = 78 manat.
8.100 – (639 + 796 + 40,5 + 78) = 8.100 – 1.553,5 = 6.546,5 manat.

Net əməkhaqqı məbləğı 6.546,5 manat olacaq.

2026-cı ildə neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin vergi və sosial ödənişləri belə hesablanacaq:

1. Əməkhaqqı 400 manat olanlar üçün:

a) Gəlir vergisi – 400 manatın 200 manatdan artıq hissəsi üzrə 14%

400 – 200 = 200 manat;
200 x 14% = 28 manat.

b) Məcburi dövlət sosial sığorta haqqı – 400 manatın 3%-i

400 X 3% = 12 manat.

c) İşsizlikdən sığorta haqqı – 400 manatın 0,5%-i

400 x 0,5% = 2 manat.

d) İcbari tibbi sığorta haqqı – 400 manatın 2%-i

400 x 2% = 8 manat.
400 – (28 + 12 + 2 + 8) = 400 – 50 = 350 manat.

Net əməkhaqqı məbləği 350 manat olacaq.

2. Əməkhaqqı məbləği 2.500 manatdan çox olanlar üçün
3.000 manat əməkhaqqı məbləği üzrə:

a) Gəlir vergisi: 3.000 – 2.500 = 500 manat;
2.500 x 14% = 350 manat;
500 x 25% = 125 manat;
Cəmi: 350 + 125 = 475 manat.

b) Məcburi dövlət sosial sığorta haqqı: 3.000 x 3% = 90 manat;

c) İşsizlikdən sığorta haqqı: 3.000 x 0,5% = 15 manat;

d) İcbari tibbi sığorta haqqı: 3.000 x 2% = 60 manat;
3.000 – (475 + 90 + 15 + 60) = 3.000 – 640 = 2.360 manat;

Net əməkhaqqı məbləği 2.360 manat olacaq.

3. Əməkhaqqı məbləği 8.000 manatdan çox olanlar üçün:

8.100 manat əməkhaqqı üzrə

a) Gəlir vergisi: 8.100 – 2.500 = 5.600 manat;
2.500 x 14% = 350 manat;
5.600 x 25% = 1.400 manat;
Cəmi: 350 + 1.400 = 1.750 manat.

b) Məcburi dövlət sosial sığorta haqqı: 8.100 x 3% = 243 manat;

c) İşsizlikdən sığorta haqqı: 8.100 x 0,5% = 40,5 manat;

d) İcbari tibbi sığorta haqqı: 8.000 x 2% = 160 manat; 100 x 0,5% = 0,5
manat (cəmi 160,5 manat);

Yekun: 8.100 – (1.750 + 243 + 40,5 + 160,5) = 8.100 – 2.194 = 5.906 manat.

Net əməkhaqqı məbləği 5.906 manat olacaq.