7 C
Baku
Tuesday, January 13, 2026

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib

İsveçrə Avropa İttifaqının (Aİ) ardınca Rusiya neftini daşıdığı iddia edilən 41 tankeri sanksiya siyahısına daxil edib. İsveçrə hökumətinin mətbuat xidmətinin məlumatına görə, sanksiyalar həmçinin beş fiziki şəxsə və dörd təşkilata da şamil olunub.

Xüsusilə, “qara siyahı”ya BƏƏ-dən olan iki şirkət “Nova Shipmanagement LLC-FZ” və “Citrine Marine SPC”, Vyetnamın “Hung Phat Maritime Trading” və Rusiyanın “SeverTransBunker Company Limited” şirkəti daxil edilib. Sanksiyalara rusiyalı iş adamı Valeri Kildiyarov (“Alghaf Marine” şirkətinin meneceri və “Litasco Middle East”in maliyyə direktoru), pakistanlı-kanadalı biznesmen Murtaza Əli Lakhani, eləcə də Azərbaycan vətəndaşları — Anar Mədətli ( “2Rivers Group”un həmtəsisçisi və direktoru), Talat Səfərov (“2Rivers Group”un həmtəsisçisi) və Etibar Əyyub ( “Coral Energy”, “2Rivers”in təsisçisi) də daxil edilib. Məhdudiyyətlər yerli vaxtla yanvarın 13-ü saat 23:00-da (Bakı vaxtı ilə yanvarın 14-ü saat 02:00-da) qüvvəyə minəcək.

2025-ci ilin dekabrında Aİ Şurası Avropanın “Rusiyanın kölgə donanması”na aid etdiyi 41 tankerə qarşı sanksiyalar tətbiq etmişdi. Ümumilikdə, Avropa sanksiya siyahısına daxil edilmiş gəmilərin sayı təxminən 600-ə çatır. Elə həmin ay Aİ Rusiyaya qarşı sanksiyaların 19 paketinin müddətini də uzadıb.

Son xəbərlər
Digər xəbərlər