ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 2025-ci ili 335.69 milyon manat xalis mənfəətlə başa vurmaqla, əvvəlki ildə qeydə alınan 293.73 milyon manatı 14 faiz üstələmişdir. Beləliklə, bank tarixinin ən iri həcmli xalis mənfəətini əldə etmişdir. Bankın 2022-ci ildəki xalis mənfəəti 254.38 mln. manat, 2023-cü ildəki isə 322.27 mln. manat olub.
Banker.az xəbər verir ki, bu da bankın ilin son rübünün əvvəlində verdiyi proqnozla üst-üstə düşür. Bank ilin mənfəətindən, əvvəlki ildə olduğu kimi, yüksək dividend ödənişinə imkan yaranacağına işarə edib. Bank ötən ilin mayında səhmdarlara ümumilikdə 200 mln. manat dividend ödəyib.
Bu arada, Banker.az-ın hesablamasına əsasən, ABB-nin birjadakı səhmləri 29–30 qəpik intervalına yüksələrək indiyədək qeydə alınmış ən uzunmüddətli yüksək qiymətini qoruyub saxlaya bilib.
Dövlət bankı 1 milyard 95.6 milyon manat faiz gəliri və 451.5 milyon manat qeyri-faiz gəliri əldə edib.
Bank 2024-cü ildə ümumilikdə 1 milyard 254 milyon manat gəlir əldə etdiyi halda, 2025-ci ildə bu rəqəm 23 faiz artımla 1 milyard 547 milyon manata yüksəlib.
Beləliklə, bankın bölüşdürülməmiş mənfəətinin həcmi 1 yanvar 2026-cı il tarixinə 621.28 mln. manata çatıb.







