Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunun idarə edilməsi üzrə Sülh Şurasına daxil olmaq təklifini qəbul edib.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Kossuth” radiostansiyasının proqramında çıxışında bildirib.
“Baş nazir Viktor Orban ABŞ Prezidenti Donald Trampdan Qəzza üzrə Sülh Şurasının işində iştirak etmək üçün dəvət alıb”, – nazir bildirib və qeyd edib ki, Macarıstan hökuməti bunu özü üçün böyük şərəf hesab edir.
Siyartonun sözlərinə görə, Macarıstan Baş naziri ona bu barədə Amerika administrasiyasına məlumat verməyi tapşırıb.
Nazir həmçinin qeyd edib ki, Macarıstan ABŞ Prezidentinin sülhməramlı fəaliyyətini yüksək qiymətləndirir və Qəzza sektorunda vəziyyətin həlli ilə bağlı ona ümid bəsləyir. Siyarto vurğulayıb ki, Macarıstan Yaxın Şərqdə sülhün bərqərar olmasında maraqlıdır, çünki bu regiondakı vəziyyət Avropadakı təhlükəsizliyə ciddi təsir göstərir.







