2025-ci ildə ölkədə 129.1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1.4 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadi artım noyabrdakı 1.6 faiz artımdan 0.2 faiz bəndi aşağıdır.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
DSK bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2.7 faiz artmışdır.
Hökumətin proqnozlarına görə, 2025-ci ildə 3.5% iqtisadi artım gözlənildiyi halda, bu proqnoz dəyişdirilərək avqust ayında 3%-ə endirilmişdi. Maliyyə Nazirliyinin açıqladığı “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” adlı hesabatında bildirilirdi ki, proqnozun aşağı salınmasının əsas səbəbi qlobal iqtisadi şəraitin pisləşməsi və neftin qiyməti ilə bağlı beynəlxalq təşkilatların daha aşağı gözləntiləridir. Beynəlxalq Valyuta Fondu 2025-ci ildə neftin qiymətini 68.2 dollar, Dünya Bankı 66 dollar, ABŞ Enerji İnformasiya Administrasiyası isə 69 dollar səviyyəsində proqnozlaşdırır. Hökumət həmçinin ilin ilk 6 ayı üzrə makro-fiskal nəticələri və dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən prosesləri nəzərə almışdı.
Azalma təkcə neft sektoruna aid deyil. Qeyri-neft-qaz sektoru üzrə real artım proqnozu da 4.9%-dən 4.6%-ə endirilmişdi. Burada əsas zəifləmə kənd təsərrüfatı və nəqliyyat sektorlarında müşahidə olunan nisbətən aşağı artım templəri ilə əlaqələndirilir.
2025-ci il üzrə Azərbaycan üçün real ÜDM artımı beynəlxalq qurumlar tərəfindən əsasən 2.0–3.4% aralığında qiymətləndirilirdi. “Fitch Solutions” artımı 2.6%, “Moody’s” və “ING Group” 2.5%, “S&P Global” isə təxminən 2% səviyyəsində görür. “Bloomberg” konsensusuna görə artım 2.7% olacağını bildirirdi. Daha optimist proqnozlar verən “Fitch Ratings” 3.0–3.5%, EBRD isə təxminən 3.0% artım gözləyirdilər. Asian “Development Bank” 2025 üçün 3.4% iqtisadi artım proqnozlaşdırırdı.
ÜDM istehsalının 33 faizi sənaye, 11.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.5 faizi tikinti, 5.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.1 faizi informasiya və rabitə sahələrinin, 21.7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 12 602.2 manata (~7 413 ABŞ dollarına) bərabər olub.







