®Ziraat Bank Azərbaycan 2025-ci ildə də müsbət maliyyə artımını davam etdirərək əsas göstəricilər üzrə ardıcıl yüksəliş əldə edib. Bankın nəticələri ötən illə müqayisədə böyümə strategiyasının effektiv icra olunduğunu göstərir.
2024-cü il sonu ilə müqayisədə bankın cəmi aktivləri 48.5% artaraq 1 milyard 368 milyon manata çatıb. Bu göstəricilər Ziraat Bank Azərbaycanın maliyyə dayanıqlığının və bazardakı mövqeyinin daha da gücləndiyini təsdiqləyir.
Kredit portfeli isə 44.8% artaraq 767 millyona yüksəlib. Kredit portfelinin 695 milyon manatı biznes kreditlərinin payına düşür, bu portfeldə artım 39.5% təşkil etmişdir. Göstəricilər bankda kreditləşmənin davamlı genişləndirildiyini və real sektorun maliyyələşdirilməsinə üstünlük verildiyini əks etdirir.
Depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 51.6% artaraq 1 milyard 97 milyon manatı keçib ki, bu da müştərilərin banka olan etimadının möhkəmləndiyini göstərir.
Hüquqi şəxslərin müddətli depozitləri isə 2024-cü il sonu ilə müqayisədə 51.7% artaraq 178 milyonu ötüb. Qeyd olunan bu artımlar bankın gəlirliliyinin və maliyyə idarəetməsinin effektivliyinin bariz nümünəsidir.
Əməliyyat fəaliyyətinin səmərəliliyinin artması nəticəsində xalis mənfəət 60.3% yüksələrək 23 milyon manatı ötüb. Həmçinin, son ildə xalis əməliyyat mənfəəti 36.4% artaraq 44 milyon manatı keçib. Cəmi kapital isə 20.3% artaraq 161 milyon manata çatıb.
Bank növbəti dövrlərdə də innovativ bankçılıq həlləri, rəqəmsal xidmətləri və müştəriyönümlü yanaşma əsasında dayanıqlı inkişafını davam etdirməyi planlaşdırır.
“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.





