ABŞ prezidenti Donald Tramp yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumu (DİF) çərçivəsində dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə qapalı görüş keçirəcək.
Mənbələrin məlumatına görə, ABŞ liderinin DİF-in illik iclasındakı çıxışından sonra baş tutacaq qəbulda maliyyə xidmətləri, kriptovalyuta və konsaltinq sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri iştirak edəcək. Müzakirə olunacaq mövzular açıqlanmır. ABŞ-nin maliyyə naziri Skott Bessent prezidentin İsveçrəyə səfərində onu müşayiət edəcək.
Agentliyin məlumatına əsasən, bazar ertəsi DİF-in kuluarlarında bir sıra ölkələrin milli təhlükəsizlik üzrə müşavirlərinin görüşü də keçiriləcək. Görüşün gündəliyində, digər məsələlərlə yanaşı, Qrenlandiya mövzusu da yer alacaq.
“Dialoq ruhu” şüarı altında keçirilən Dünya İqtisadi Forumunun illik iclası Davosda yanvarın 19-dan 23-dək davam edəcək. Tədbirin proqramı beş əsas qlobal çağırış ətrafında qurulub ki, onların başlıcası daha qeyri-sabit dünyada əməkdaşlıq məsələsidir. Ağ Ev ABŞ prezidenti Donald Trampın forumda iştirakını təsdiqləyib.







