Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən “PAŞA Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 23 fevral 2026-cı il tarixində, saat 17:00-da, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlərə “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının səlahiyyətinə aid olan müvafiq məsələlərin müzakirəsi daxildir.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın
Baş ofisində, həmçinin elektron qaydada müraciət etməklə tanış ola bilərlər.
Xatırladaq ki, hazırda “PAŞA Bank” ASC səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə start verib. Bildirilir ki, səhmlərlə bağlı ümumi açıqlamalar, həcm, nominal dəyər və hədəflərə dair məsələ 2026-cı ilin 28 fevralında keçiriləcək açıqlamada mətbuata geniş şəkildə təqdim ediləcək.
Hazırda bankın bir səhminin nominal dəyəri 33 300 manatdır. İlkin ehtimallara görə, bank IPO çərçivəsində pərakəndə investorların sayını artırmaq məqsədilə split, yəni səhmlərin bölünməsi prosesinə gedə bilər.





