Müzakirələrlə tanış mənbələrə istinadən “The Wall Street Journal” yazır ki, milyarder İlon Mask yaxın çevrəsinə kosmik şirkəti “SpaceX”in ilkin səhmlərin yerləşdirilməsini (IPO) iyul ayınadək başa çatdırmaq istədiyini bildirib.
Mənbələrin sözlərinə görə, Mask “SpaceX”i süni intellekt üçün məlumat mərkəzlərini kosmosa yerləşdirən ilk şirkətə çevirmək ideyasına sözün əsl mənasında aludə olub. Bu məqsədlə minlərlə peykin yaradılması və orbitə çıxarılması texniki baxımdan son dərəcə mürəkkəb və baha başa gələn prosesdir. Şirkət rəhbərliyi isə on milyardlarla dollar həcmində vəsait cəlb etməyin ən asan yolunun IPO olduğunu hesab edir. “SpaceX”in keçmiş əməkdaşları bildiriblər ki, şirkət illərdir süni intellekt peyk şəbəkəsinin qurulması üçün faydalı ola biləcək texnologiyalar üzərində işləyib. WSJ mənbələrinin sözlərinə görə, ötən payızda kosmosda data-mərkəzlərin necə təşkil edilə biləcəyi ilə bağlı mühüm irəliləyiş əldə olunub.
Bundan əlavə, mənbələr bildirir ki, Mask “SpaceX”in birjaya çıxmasını öz süni intellekt startapı “xAI”yə rəqibləri ilə fərqi azaltmaq üçün də bir vasitə kimi görür. Söhbət “OpenAI” və “Anthropic” şirkətlərindən gedir. WSJ-nin həmsöhbətləri bildirir ki, Mask “SpaceX”in bu məsələdə onları qabaqlamasını istəyir.
Bəzi investorlar hesab edirlər ki, “SpaceX”in açıq bazara çıxması süni intellekt startapının inkişafını kəskin sürətləndirəcək və bu da öz növbəsində kosmik şirkətin özünə də fayda verəcək. Digər investorlar ehtimal edir ki, “SpaceX” “xAI”də pay ala bilər və ya İlon Mask ilk şirkətdəki payından istifadə edərək digər layihələrə, o cümlədən “xAI”yə investisiya yönəldə bilər. 2025-ci ilin iyulunda “SpaceX” artıq $5 milyardlıq maliyyələşmə raundu çərçivəsində “xAI”yə $2 milyard investisiya etməyə razılaşıb.
“SpaceX”in 2026-cı ildə IPO keçirməyi planlaşdırdığı barədə ötən ilin sonunda “The Information”, “Bloomberg” və digər KİV-lər də yazmışdı. “Bloomberg”in məlumatına görə, şirkət $30 milyarddan çox vəsait cəlb etməyi hədəfləyir. Bu halda “SpaceX”in IPO-su tarixdə ən böyüyü ola və “Saudi Aramco”nun səhmlərin ilkin yerləşdirilməsini geridə qoya bilər. Mask mövzu ilə bağlı nəşrlərdən birinə verdiyi şərhdə bu cür planların həqiqətən nəzərdən keçirildiyini işarə edib.
Hazırda “SpaceX” dünyanın ən bahalı özəl şirkətlərindən biri olaraq qalır. 2025-ci ilin yayında onun dəyəri $400 milyarda çatıb. Həmin ilin dekabrında isə “Bloomberg” şirkətin təxminən $800 milyard qiymətləndirmə ilə səhmlərin satışına başladığını yazmışdı.







