4 C
Baku
Thursday, January 22, 2026

Moody’s: Azərbaycanda bank sektorunun dayanıqlılığı güclənir

Azərbaycanın bank sahəsində tənzimləmə və nəzarətin davamlı şəkildə təkmilləşdirilməsi sektorun dayanıqlılığının gücləndirilməsinə kömək edir.

Banker.az “Moody`s” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, bu, bankların aktivlərinin sabit keyfiyyətində, ehtiyatların yetərli səviyyəsində və kapitalın güclü mövqelərində əks olunur.

Agentlik qeyd edib ki, Azərbaycanın bank sektoru üçün “baa” səviyyəsində risk qiymətləndirməsi bank sisteminin nisbətən kiçik miqyasını əks etdirir ki, bu da əhəmiyyətli şərti öhdəliklərin yaranması risklərini məhdudlaşdırır.

“Bank sektorunda islahatların həyata keçirilməsi, o cümlədən likvidlik və risklərin idarə edilməsi sahəsində Bazel III tələblərinin tətbiqi bank sisteminin sabitliyinə daha da kömək edəcək”, – hesabatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin ötən il dekabrın 16-da qəbul etdiyi qərarla “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilib. Nəticədə bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri və bir sıra digər tələblər və tənzimləmələr Bazel III standartlarına uyğunlaşdırılıb.

Yeni kapital strukturuna adaptasiyası, bankdaxili qayda və prosedurlarının yeni requlyativ tələblərə uyğunlaşdırılması, eləcə də sektorda zəruri təlimlərin keçirilməsi və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün banklara 1 illik keçid dövrü verilib.

Belə ki, yeni tələblərə 1 yanvar 2027-ci ildən tam riayət olunması banklardan tələb ediləcək.

Son xəbərlər
Digər xəbərlər