Hindistan və Avropa İttifaqı azad ticarət sazişi üzrə razılaşmaya yaxındır və sənəd yanvarın 27-də qüvvəyə minə bilər. “Reuters”in məlumatına görə, razılaşma imzalandıqdan sonra Hindistan Aİ-dən idxal olunan avtomobillərə tətbiq edilən gömrük rüsumlarını 110%-dən 40%-ə endirə bilər.
Baş nazir Narendra Modinin hökuməti 27 Aİ ölkəsindən idxal edilən, dəyəri 15 min avrodan (17,7 min dollar) çox olan təxminən 200 min avtomobil üçün rüsumların dərhal azaldılmasına razılıq verib. Bundan əlavə, mənbələrin bildirdiyinə görə, zamanla rüsum dərəcəsi 10%-ə qədər endiriləcək ki, bu da Volkswagen, Mercedes-Benz və BMW kimi Avropa avtomobil istehsalçılarının Hindistan bazarına çıxışını asanlaşdıracaq. Elektrikli avtomobillərə isə bu tədbir ən azı ilk beş il ərzində şamil olunmayacaq — bu, Hindistan istehsalçıları Mahindra & Mahindra və Tata Motors-un investisiyalarını qorumaq məqsədi daşıyır.
Saziş ikitərəfli ticarəti genişləndirə və ötən ilin avqust ayının sonundan ABŞ-də 50 faizlik rüsumlara məruz qalan Hindistanın tekstil və zərgərlik məmulatları ixracını artıra bilər.
Hindistan avtomobil satışlarının həcminə görə ABŞ və Çindən sonra dünyada üçüncü yerdədir. Hazırda Avropa avtomobil istehsalçılarının payı ildə 4,4 milyon avtomobil istehsal edən Hindistan bazarında 4%-dən azdır. Bazarda əsas paya Yaponiyanın Suzuki Motor şirkəti, eləcə də yerli Mahindra və Tata brendləri malikdir — bu şirkətlər birlikdə bazarın təxminən üçdə ikisini nəzarətdə saxlayır.







