ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyadan gətirilən mallara tətbiq olunan rüsumların 15%-dən 25%-ə qaldırıldığını bildirib. O, bu qərarı “Cənubi Koreyanın qanunverici orqanının ABŞ qarşısında öhdəliklərini yerinə yetirməməsi və ölkə prezidenti Li Çje Myon ilə razılaşdırdığı ticarət sazişini təsdiqləməməsi” ilə izah edib.
“30 iyul 2025-ci ildə prezident Li ilə hər iki ölkə üçün vacib olan bir razılaşma əldə etdik və 29 oktyabr 2025-ci ildə Koreyada olarkən bu şərtləri bir daha təsdiqlədik. Niyə Koreyanın qanunverici orqanı bunu hələ də təsdiqləməyib?” — deyə cənab Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, 25 faizlik rüsumlar avtomobil idxalına, taxta materiallarına, farmasevtik məhsullara və daha əvvəl 15 faizlik qarşılıqlı tariflərlə vergiyə cəlb olunan digər mallara şamil olunacaq.
İki ölkə prezidenti ötən il razılaşıblar ki, Cənubi Koreya rüsumların azaldılması müqabilində ABŞ iqtisadiyyatına 350 milyard dollar ödəyəcək, bazarlarını tam açacaq, həmçinin “çox böyük həcmdə” neft və qaz alacaq. Donald Tramp həmçinin bildirmişdi ki, razılaşmaların nəticəsində Cənubi Koreya şirkətlərinin ABŞ-yə yatırımları 600 milyard dolları ötəcək.







