Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin IV rübü ərzində əlavə 15,2 ton həcmində fiziki qızıl aldığı məlum olub.
Banker.az xəbər verir ki, bununla da ARDNF-nin qızıl ehtiyatlarının həcmi 200 tona yüksəlib və bu, ümumi 73,53 mlrd. dollarlıq aktivin 38,2%-ni təşkil edir. İlin əvvəlində bu pay 20,6% olmuşdu. Ümumilikdə, Fondun qızıl alışlarının həcmi 2025-ci ildə 53,4 ton olub.
ARDNF relizində qeyd olunur ki, mərkəzi bankların qızıl alışları, geosiyasi risklər və mövcud qeyri-müəyyənliklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bunun nəticəsində, Fondun qızıl portfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşıb.
2026-cı ilin yanvar ayı üzrə qızılın qiyməti bir unsiya üçün təxminən $5 100 civarındadır və son aylarda dünya bazarında qiymət 10-12% artıb.
Artımın əsas səbəbləri arasında mərkəzi bankların aktiv qızıl alışları, valyuta məzənnələrinin qeyri-sabitliyi və geosiyasi gərginliklər göstərilir.
Bu qiymətlə, təqribən 1 ton qızılın dəyəri 67 milyon dollar civarındadır.







