“Meqa Sığorta” ASC-də İdarə Heyətinin üzvlərindən daha biri siyahıdan çıxarılıb.
Banker.az xəbər verir ki, bu, Hamlet Qarayev Xosrov oğludur. Əldə etdiyimiz məlumata görə, Qarayev şirkətdə Baş komplayens inzibatçısı kimi davam etdirəcək.
H.Qarayev 2020-ci ildən Sığorta Şirkətinin İdarə heyətinin üzvü təyin edilmişdi. O, indiyə qədər həmçinin şirkətin Direktorlar Şurasında da yer alıb, sonradan bu vəzifədən çıxıb.
Beləliklə, hazırkı vəziyyəti nəzərə alaraq, “Meqa Sığorta”nın İdarə Heyətinin üzvlərinin sayı sədr də daxil olmaqla iki nəfərə enib.
Bundan öncə isə İdarə Heyətinin üzvü və sədrin müavini Hökmüdar Məmişov Qələndər oğlu vəzifəsindən ayrılmışdı.
Qeyd edək ki ölkənin sığorta bazarında 2025-ci ildə 11.2% yüksəlmə qeydə alındığı halda, “Meqa Sığorta” sığorta yığımlarında 2024-cü illə müqayisədə 8% geriləyib. Belə ki, sığortaçının yığımları 2024-cü ildə “Meqa Sığorta” 36.22 mln. yığım əldə edərkən, 2025-cü ildə bu rəqəm 33.2 mln. manata enib.
Sığortaçı hələ 2025-ci ilin ilk üç rübündə icbari-sığortası üzrə 11.73 milyon manat sığorta haqqı toplayıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1.43 milyon manat azdır (2024: 13.15 milyon manat). Bu xətt üzrə sığorta ödənişləri 7.83 milyon manat olub (2024: 8.79 milyon manat), nəticədə zərərlilik dərəcəsi 96.37%-ə yüksəlib (2024: 90%). KASKO üzrə yığımlar 4.26 milyon manat təşkil edib (2024: 4.95 milyon manat), ödənişlər isə 1.94 milyon manat olub. Avtomobil sığortasında zərərlilik dərəcəsi 97.28% səviyyəsində formalaşıb.
Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən “BE&G” sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə, 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.







