“Əmək və məşğulluq” altsistemində (ƏMAS) icazə limitləri işəgötürən tərəfindən müəyyən edilir. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən açıqlamada qeyd olunur ki, sistemdə hər bir icazə üzrə ayrıca limitin, eləcə də gündəlik icazə limitinin müəyyən edilməsi mümkündür. Belə hallar üçün Əmək Məcəlləsində hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. İşçinin işdə olmadığı müddət üçün əməkhaqqının hesablanıb-hesablanmaması isə işəgötürənin qərarından asılıdır.
“Əmək Məcəlləsində “icazə” ayrıca anlayış kimi tənzimlənməyib. Məcəllənin 55-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən əmək münasibətləri prosesində işəgötürənin imkanı hesabına bu Məcəllədə və ya kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əməkhaqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtlər müəyyən edilə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, həmçinin onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir”, – açıqlamada vurğulanır.
Qeyd olunub ki, Əmək Məcəlləsinin 182-ci maddəsinə əsasən, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.
Əlavə olaraq bildirilib ki, Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və digər sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına və ya fizioloji xüsusiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ var: “Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən Əmək Məcəlləsində nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi, digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər”.
Bildirilib ki, işəgötürən işçinin yazılı və ya şifahi müraciəti əsasında işçiyə iş günü (və ya günləri) və onun bir hissəsində işə gəlməməyə öz mülahizəsi əsasında icazə verə bilər. Ayrı-ayrı hallara görə işçiyə icazə verilməsi məsələsi kollektiv müqavilədə (və ya əmək müqaviləsində) nəzərdə tutulubsa, işəgötürən həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməlidir. Əks təqdirdə, qeyd olunan məsələyə dair işəgötürənin üzərinə qanunvericiliklə hər hansı öhdəlik qoyulmayıb. İcazə verilməsi halında əməkhaqqının saxlanılması məsələsinə dair kollektiv müqavilədə və ya əmək müqaviləsində razılaşma yoxdursa, işçiyə icazə müddətində əməkhaqqı verilməsi məcburiyyəti yoxdur.
Nəzərə almaq lazımdır ki, əməkhaqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.







