2025-ci ilin Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdu.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi bildirir.
2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 757,0 milyon manat (əsas borc üzrə 136,8 milyon manat, faiz borcu üzrə 620,2 milyon manat), xarici dövlət borcu üzrə 1 milyard 342,5 milyon manat olmaqla (əsas borc üzrə 959,7 milyon manat, faiz borcu üzrə 382,8 milyon manat), ümumilikdə 2 milyard 99,5 milyon manatın ödənilməsi təmin edilib.
2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində ümumilikdə 300,1 milyon manat məbləğində qənaət formalaşdırılıb.
1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25 milyard 987,5 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1 faizini təşkil edir.
1 yanvar 2026-cı il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 faizini təşkil edir. 2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun səviyyəsi 5milyard 160 milyon ABŞ dolları idi.
Daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il 1 yanvar tarixinə 17 milyard 804,5 milyon manat və ya ÜDM-in 13,8 faizi səviyyəsində olub.





