ABŞ prezidenti Donald Trampın miqrasiya siyasəti və aşağı doğum səviyyəsi səbəbindən ölkə 2026-cı ildə tarixində ilk dəfə əhali sayının azalması ilə üzləşə bilər. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“American Enterprise Institute” və “Brookings Institution” analitik mərkəzlərinin birgə araşdırması göstərib ki, artıq 2025-ci ildə ölkədə 10 mindən 295 min nəfərə qədər xalis əhali itkisi baş verə bilərdi. Agentliyin yazdığına görə, bu qiymətləndirmələr doğru olarsa, 2025-ci ildə əhali artımı son dərəcə cüzi olub.
2026-cı il üçün isə proqnozlar 185 min nəfərlik miqrant axınından 925 min nəfərlik xalis axına qədər dəyişir. Nəzərə alsaq ki, ABŞ-də 2025-ci ildə təbii əhali artımı 519 min nəfər səviyyəsində qiymətləndirilib və onun gələcəkdə azalacağı gözlənilir, ölkəni əhali azalması təhlükəsi gözləyir. Agentlik yazır: “Əgər 2026-cı ildə xalis əhali itkisi ilə bağlı mənfi proqnoz reallaşsa və doğum səviyyəsində görünməmiş artım baş verməsə, ABŞ əhalisi 400 min nəfər azalacaq. Hətta daha mühafizəkar proqnoz həyata keçsə belə, ölkə ən azı əhali azalmasının astanasında olacaq”.
Agentlik dəqiqləşdirir ki, əvvəllər ABŞ əhalisinin ən tez 2081-ci ildən etibarən azalmağa başlayacağı proqnozlaşdırılırdı. 1790-cı ildə əhalinin siyahıya alınmasına başlanandan bəri ölkədə heç vaxt əhali azalması qeydə alınmayıb. Tədqiqatçılar yalnız 1918-ci ilin istisna ola biləcəyini ehtimal edirlər — həmin vaxt Birinci Dünya müharibəsi zamanı 2 milyon amerikalı əsgər ölkə xaricində idi və dünya “ispan qripi” pandemiyası ilə üzləşmişdi.






