Hindistan hökuməti 2026–2027 maliyyə ili üçün büdcə layihəsi çərçivəsində Müdafiə Nazirliyinə rekord həcmdə — 7,85 trilyon Hindistan rupisi (təxminən 94,2 milyard ABŞ dolları) vəsait ayırıb. Bu barədə “The Hindu” nəşri yazır.
Nəşr qeyd edir ki, bu, ölkə tarixində ən böyük müdafiə büdcəsidir və göstərici ötən illə müqayisədə 15,19% artıb.
Təqdim olunan məlumatlara əsasən, müdafiə xərcləri Hindistanın proqnozlaşdırılan ÜDM-nin 2%-ni təşkil edəcək və bütün dövlət xərclərinin 14,67%-ni əhatə edəcək.
Əhəmiyyətli artım silahlı qüvvələrin modernləşdirilməsi zərurəti, əməliyyat ehtiyacları, eləcə də Pakistanla toqquşmalardan sonra silahların təcili alınması ilə izah olunur.
Hindistanın müdafiə naziri Rajnath Sinqh bildirib ki, bu büdcə “təhlükəsizlik, inkişaf və özünütəminat arasında balansı möhkəmləndirir” və “Sindur əməliyyatı”ndan sonra hökumətin milli təhlükəsizliyi gücləndirmək əzmini nümayiş etdirir.
Ən böyük satınalmalar arasında yeni nəsil qırıcı təyyarələr, sualtı qayıqlar, dronlar və digər müasir silah sistemləri yer alır.







