“Bloomberg”in icmalçısı Mark Gurman yazır ki, ilk qatlanan iPhone 2026-cı ilin payızına qədər bazara çıxacaq. Eyni zamanda, “Apple” artıq bu cihazın növbəti versiyası üzərində də işləyir.
“Apple” ümid edir ki, ilk qatlanan iPhone modeli kifayət qədər uğurlu olacaq və bu tip qurğulara tələbat formalaşdıracaq. Şirkət ölçülərinə görə fərqlənən bir neçə “qatlanan” model təqdim etməyi planlaşdırır.
İkinci model daha kompakt, kvadrat formalı “qatlanan telefon” ola bilər. Lakin bu cihazın bazara çıxarılması ilə bağlı yekun qərar hələ verilməyib. Gurmanın sözlərinə görə, “Apple” eyni zamanda “nəhəng” qatlanan iPad üzərində işləyərkən çətinliklərlə üzləşib və hazırda bu layihədən imtina edib.
“Bloomberg”in məlumatına əsasən, ilk qatlanan iPhone iki birləşdirilmiş iPhone Air modelini xatırladacaq. Qurğu iki arxa kamera, bir ön kamera və bir “daxili” kamera ilə təchiz oluna bilər. SIM-kart yuvası olmayacaq, Face ID əvəzinə isə yenidən Touch ID istifadə ediləcək. Müxtəlif qiymətləndirmələrə görə, cihazın qiyməti 1800–2500 ABŞ dolları aralığında ola bilər.






