2 C
Baku
Thursday, February 5, 2026

Bloomberg: Avropa Mərkəzi Bankı əsas faiz dərəcələrini ardıcıl beşinci dəfə dəyişməz saxlayacaq

Avropa Mərkəzi Bankı (ECB) növbəti iclasda əsas faiz dərəcəsini əvvəlki səviyyədə saxlayacaq. “Bloomberg”in iqtisadçılar arasında apardığı sorğuya görə, depozit dərəcəsi 2% səviyyəsində qalacaq.

Tənzimləyici hesab edir ki, son dövrdə artan geosiyasi gərginlik və avronun möhkəmlənməsi avrozona iqtisadiyyatına hələlik kritik təsir göstərməyib. Bu, ECB-nin pul-kredit siyasətinin parametrlərini dəyişmədiyi artıq ardıcıl beşinci iclas olacaq.

Analitiklərin fikrincə, faiz dərəcələri ən azı 2026-cı ilin sonuna qədər cari səviyyədə qalacaq, daha uzunmüddətli perspektivdə isə onların artırılması ehtimalı azalır. Son iclasdan bəri avrozonada inflyasiya hədəf səviyyədən aşağı enərək yanvarda 1,7%-ə düşüb. “Bloomberg” yazır ki, daha davamlı olan baza inflyasiyası da bir qədər zəifləyib, eləcə də xidmət sektorunda qiymət artımı yavaşıyıb.

Bununla yanaşı, avrozona iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirib: 2025-ci ilin IV rübündə 0,3% artım qeydə alınıb ki, bu da ECB-nin gözləntilərindən yüksəkdir. Son biznes sorğuları da mülayim artımın davam etdiyini göstərir.

“Bloomberg”in qeyd etdiyinə görə, ECB qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənlik və valyuta ilə enerji bazarlarındakı dalğalanmalar fonunda ehtiyatlı davranmağa üstünlük verir.

2025-ci il 20 sentyabrda ECB prezidenti Kristin Lagard bildirmişdi ki, bank qiymət artımını cilovlamaq hədəfinə çatıb, lakin qeyri-müəyyənlik qalır. Onun sözlərinə görə, qeyri-müəyyənlik səviyyəsi təxminən 50% azalıb və bu, “əhəmiyyətli irəliləyişdir”.

Son xəbərlər
Digər xəbərlər