5 C
Baku
Friday, February 6, 2026

“Amazon” səhmləri kəskin ucuzlaşır: $200 milyardlıq süni intellekt xərcləri investorları narahat edir

ABŞ-nin texnologiya nəhəngi “Amazon”un səhmləri şirkətin 2026-cı ildə məlumat emalı mərkəzləri infrastrukturunun qurulmasına təxminən 200 milyard dollar həcmində kapital yatırımı planlaşdırdığını açıqlamasından sonra Nyu-Yorkda birjadankənar ticarətdə 10% ucuzlaşıb. “Financial Times” yazır ki, analitiklər bu göstəricinin 150 milyard dolları keçməyəcəyini gözləyirdilər, çünki 2025-ci ildə bu rəqəm 130 milyard dollar olmuşdu.

Nəşrin fikrincə, “investorları planlar qorxudub”, çünki proqnozlaşdırılan xərclər rəqiblərin, o cümlədən “Google” və “Microsoft”un analoji planlarını üstələyir. Bununla belə, “Amazon”un baş icraçı direktoru Endi Cessi uzunmüddətli perspektivdə yüksək gəlirlilik gözləyir. O bunu “mövcud məhsullara yüksək tələbat” və süni intellekt, mikrosxemlər, robototexnika və aşağı Yer orbitində peyklər kimi perspektivli sahələrlə izah edir.

“Reuters” agentliyinin məlumatına görə, “Amazon” səhmləri əsas birja sessiyasını da 4,4% enişlə bağlayıb. Buna səbəb kimi “süni intellekt bumunun nəhəng dəyəri ilə bağlı narahatlıqların artması” göstərilir. Sorğuda iştirak edən bazar ekspertləri hesab edirlər ki, “aşağı artım templəri fonunda böyük investisiyalar bazar tərəfindən bəyənilmir” və əlavə edirlər ki, investisiya yarışı Amazon-un kapital xərclərinin əməliyyat pul axınını üstələməsinə gətirib çıxara bilər.

Bundan əvvəl “Google” və “Microsoft” səhmləri də bu şirkətlərin kapital xərclərini artırdıqlarını elan etməsindən sonra müvafiq olaraq 2% və 6% ucuzlaşmışdı. Ümumilikdə “Amazon”, “Microsoft”, “Google” və “Meta” bu il süni intellektlə bağlı istiqamətlərə 630 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırırlar.

Son xəbərlər
Digər xəbərlər