İsrail Tehran “qırmızı xətləri” keçəcəyi təqdirdə İranın raket proqramı obyektlərinə zərbə endirməyə hazır olduğu barədə ABŞ-ni xəbərdar edib. Bu barədə təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən “The Jerusalem Post” (JP) yazır.
“Biz amerikalılara bildirdik ki, əgər İran ballistik raketlərlə bağlı müəyyən etdiyimiz qırmızı xətti keçsə, zərbəni təkbaşına endirəcəyik”, — deyə nəşrin həmsöhbətlərindən biri bildirib.
İsrail hərbçiləri ABŞ-yə raket istehsalının əsas obyektlərinə zərbələri nəzərdə tutan bir neçə plan təqdim ediblər. Rəsmilərdən biri hazırkı məqamı İranın raket infrastrukturuna ciddi zərbə endirmək üçün “tarixi imkan” adlandırıb.
Bundan əlavə, Qüdsdə ABŞ-nin yalnız məhdud zərbələr endirə biləcəyi və bunun əsas təhlükəni aradan qaldırmayacağı ilə bağlı narahatlıq ifadə olunub. “Narahatlıq var ki, Vaşinqton bir neçə hədəf seçib uğur elan edə və nəticələrlə məşğul olmağı İsrailin üzərinə buraxa bilər”, — deyə israilli hərbi mənbə əlavə edib.





