Əmək Məcəlləsinin 164-cü maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsini tənzimləyir. 2026-cı ilin yanvar ayından etibarən həmin maddəyə “saatlıq” ifadəsi əlavə edilib. Təlimçi ekspert Aqil Ağayev bu dəyişikliyin mahiyyətini və işləmə mexanizmini açıqlayıb.
Dəyişikliyə qədər Əmək Məcəlləsinin 164-cü maddəsində yalnız “günlük” ifadəsi mövcud idi. Yeni dəyişiklik mətndə aşağıdakı formada əksini tapıb:
Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi
1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı qaydada ödənilir:
– əməyin vaxtamuzd ödənilmə sistemində – gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla;
– əməyin işəmuzd ödənilmə sistemində – ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
– aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görüldükdə – maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla,
– iş aylıq iş vaxtı normasından artıq vaxtda görüldükdə isə – maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
Misal: Əməkdaş 2026-cı ilin fevral ayında ümumilikdə 162 saat işləyib. Fevral ayı üzrə norma iş vaxtı 160 saatdır. İşçi qeyri-iş günündə 2 saat əlavə işə cəlb edilib. Əməkdaşın aylıq vəzifə maaşı 1.000 manatdır. Bu halda onun aylıq əməkhaqqı necə hesablanacaq?
Saatlıq əməkhaqqı:
1.000 : 160 = 6,25 manat.
– Norma üzrə əməkhaqqı:
160 x 6,25 = 1.000 manat.
– Qeyri-iş günündə görülən işə görə:
2 x 6,25 = 12,5 manat;
12,5 x 2 = 25 manat.
– Cəmi hesablanmış əməkhaqqı:
1.000 + 25 = 1.025 manat.
Qeyd edək ki, əvvəlki qaydalara əsasən, qeyri-iş günündə işçi yalnız 2 saat işləsə belə, ona gündəlik əməkhaqqının iki misli ödənilməli idi. Yeni qaydalarla qeyri-iş günündə çalışan işçiyə ancaq işlədiyi əlavə saatlara görə ödəniş ediləcək. Amma həmin ödənişlər əvvəlki qaydada – ikiqat hesablanacaq.






