Meksika ABŞ tərəfindən mümkün rüsumların tətbiqi təhlükəsinə görə Kubaya neft göndərişini dayandırıb. Bu barədə ölkə prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat brifinqində açıqlama verib. Bununla belə, xanım Şeynbaum adaya daha çox humanitar yardım göndəriləcəyinə söz verib.
“Hazırda tədarüklər dayandırılıb və biz Meksikaya hər hansı mənfi təsirin qarşısını almağa, həmçinin hər zaman olduğu kimi, Kubanın yanacaq əldə etməsi üçün ən yaxşı diplomatik həlli tapmağa çalışırıq”, — deyə Klaudia Şeynbaum bildirib. Meksika prezidentinin sözlərinə görə, ölkə Kubaya ərzaq və enerji ilə bağlı olmayan digər malların göndərilməsini davam etdirəcək.
Klaudia Şeynbaum ABŞ prezidenti Donald Trampın Kubaya neft tədarük edən ölkələrə qarşı sanksiyalar tətbiq etmək hədəsini ədalətsiz adlandırıb. “Hökumətlə razılaşmadığınıza görə insanlara zərər vermək olmaz… Onlarda xəstəxanalar və məktəblər üçün yanacaq yoxdur. İnsanlar əziyyət çəkir”, — deyə xanım Şeynbaum vurğulayıb. O əlavə edib ki, Meksika ABŞ ilə Kuba arasındakı münaqişədə vasitəçi kimi çıxış edə bilər.
Yanvarın 30-da Donald Tramp ölkədə fövqəladə vəziyyət rejimi elan edib və Kubanı milli təhlükəsizlik üçün təhdid adlandırıb. O, adanı neftlə təmin edən ölkələrdən idxal olunan mallara rüsum tətbiqinə imkan verən fərman imzalayıb. “The Wall Street Journal” qəzetinin məlumatına görə, Ağ Ev ilin sonuna qədər Havanada hakimiyyət dəyişikliyinə nail olmağa çalışır. “Reuters” isə ABŞ təzyiqləri fonunda Kubada ərzaq və nəqliyyat qiymətlərinin artdığını, həmçinin “ciddi yanacaq çatışmazlığı” yarandığını bildirib.






