2 C
Baku
Wednesday, February 11, 2026

ABŞ maliyyə şirkətlərinin səhmləri yeni süni intellekt alətinin yaradılması fonunda çöküb

ABŞ-də aktivlərin idarə olunması sahəsində fəaliyyət göstərən şirkətlərin səhmləri maliyyə planlaşdırılması üçün hazırlanmış yeni süni intellekt alətinin istifadəyə verilməsindən sonra kəskin şəkildə ucuzlaşıb. Bu barədə ticarət məlumatlarına istinadən CNBCBloomberg  yazır. İnvestorlar hesab edirlər ki, bu biznes sahəsi yeni texnologiya ilə rəqabət səbəbilə zərbə ala bilər. Bloomberg qeyd edir ki, daha əvvəl proqram təminatı istehsalçıları, özəl kredit bazarı və sığorta brokerləri ilə də oxşar vəziyyət yaşanıb.

10 fevral ticarətinin yekunlarına görə Raymond James Financial səhmləri 8,8% ucuzlaşaraq 158,5 dollara düşüb. Bloomberg-in məlumatına görə, bu, şirkət üçün 2020-ci ilin martından bəri ən pis gündür. Charles Schwab səhmləri 7,4% azalaraq 99,25 dollara, LPL Financial Holdings isə 8,3% ucuzlaşaraq 360,6 dollara enib. Morgan Stanley səhmləri də 2,5% geriləyərək 177,9 dollar olub. Bloomberg yazır ki, bu sektordakı satış dalğası Uoll-Striti hazırlıqsız yaxalayıb. Charles Schwab üzrə yalnız 24 analitikdən biri “satış” tövsiyəsi verib.

Kütləvi satışın səbəbi Altruist şirkətinin təqdim etdiyi alət olub. Bu sistem maliyyə məsləhətçilərinə müştərilər üçün fərdiləşdirilmiş strategiyalar hazırlamağa və müxtəlif maliyyə sənədləri, o cümlədən hesab çıxarışları yaratmağa kömək edir. Şirkətin rəhbərliyi Uoll-stritin iş prinsiplərinə yaxından bələddir: təsisçi və baş direktor Ceyson Venk əvvəllər Morgan Stanley-də, əməliyyat direktoru Mazi Bahadori isə PIMCO-da çalışıb. Bloomberg Intelligence analitiki Nil Sayps bildirib ki, investorlar süni intellektin ənənəvi maliyyə məsləhətçiliyi və sərvət idarəçiliyi modelini poza biləcəyindən ehtiyat edirlər.

Bununla belə, bəzi analitiklər hesab edir ki, bu miqyaslı satışların bir hissəsi emosional reaksiya olub və müxtəlif süni intellekt alətlərindən yaranan real risk həddən artıq şişirdilə bilər. Raymond James Financial analitiki Vilma Berdiz vurğulayıb ki, qorxular “tamamilə şişirdilib” və onun fikrincə, sonda müştərilər pullarını insana etibar etməyə üstünlük verəcəklər.

Maliyyə sektoru son həftə süni intellektlə bağlı rəqabət qorxularının növbəti qurbanına çevrilib. Daha əvvəl fevral ayında proqram təminatı istehsalçılarının səhmləri Anthropic şirkətinin məlumat analizi, hüquq, elmi tədqiqat və digər sahələrdə tapşırıqları yerinə yetirə bilən Sİ plaqinlərini təqdim etməsindən sonra düşmüşdü. 9 fevralda isə sığorta brokerlərinin səhmləri Insurify tərəfindən təqdim olunan tarif müqayisə aləti səbəbindən ucuzlaşmışdı.

Son xəbərlər
Digər xəbərlər