4 C
Baku
Wednesday, February 11, 2026

Bernard Arnault LVMH-də nəzarət paketinə çatmaq üçün 407 milyon avroluq səhm alıb

Avropanın ən varlı iş adamı Bernar Arno LVMH-də nəzarət paketinə sahib olmaq məqsədilə səhmlərin alışını sürətləndirib.

Bernar Arno yanvarın sonundan etibarən LVMH şirkətinin səhmlərini ümumilikdə 407 milyon avro məbləğində alıb. O, 2025-ci ilin maliyyə nəticələrini təqdim edərkən şirkətdəki payını 50 faizdən yuxarı — nəzarət səviyyəsinə qədər artırmaq niyyətində olduğunu açıqlamışdı. Hazırda Arno ailəsi LVMH səhmlərinin 49 faizinə və səsvermə hüquqlarının böyük hissəsinə nəzarət edir. Analitiklərin fikrincə, bu addım Avropanın ən varlı şəxsi tərəfindən biznesinə olan inamın nümayişi kimi qiymətləndirilə bilər.

Bloomberg agentliyi Paris Fond Birjasının sənədlərinə istinadən yazır ki, Arno dəbdəbəli məhsullar istehsal edən Louis Vuitton Moët Hennessy (LVMH) konserninin səhmlərini nəzarət paketini artırmaq niyyətini açıqladıqdan qısa müddət sonra almağa başlayıb. Qrupa Louis Vuitton və Dior brendləri, zərgərlik markası Tiffany, həmçinin Sephora kosmetika mağazaları şəbəkəsi daxildir.

Məlumatlara görə, Arno yanvarın 28-də təxminən 100 milyon avro dəyərində LVMH səhmləri alıb. Ona bağlı strukturlar vasitəsilə alışlar davam edib və fevralın 4-nə qədər alınmış səhmlərin sayı 757 min ədədə çatıb. Bu səhmlərin ümumi dəyəri təxminən 407 milyon avro təşkil edib. Arno ailəsinin nümayəndəsi Bloomberg-in sorğusuna cavab verməyib.

Yanvarın 27-də LVMH 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb. Bloomberg-in qeyd etdiyi kimi, nəticələr investorların gözləntilərini doğrultmayıb və cari il üçün ehtiyatlı proqnoz verilib. Bu isə yanvarın 28-də ticarət sessiyasının sonunda şirkətin səhmlərinin 8 faiz ucuzlaşmasına səbəb olub. Fevralın 11-nə olan məlumata görə, LVMH səhmləri Parisdə 528,7 avro səviyyəsində (-1,7%) ticarət olunur və 2026-cı ilin əvvəlindən bəri təxminən 18 faiz dəyər itirib.

Arno maliyyə hesabatını təqdim edərkən bildirib ki, konserndəki payını 50 faizdən yuxarı — nəzarət paketinə qədər artırmaq niyyətindədir. O xatırladıb ki, Arno ailəsi artıq şirkət səhmlərinin təxminən 50 faizinə sahibdir və indi “bir qədər də” pay almağın mümkün olduğunu düşünür. “Bu il səhmlərin 50 faizindən çoxu bizə məxsus olacaq. Biz işimizə inanırıq və bunu bu şəkildə nümayiş etdiririk”, — deyə Arno bildirib.

Bloomberg-in məlumatına görə, 2024-cü ilin sonuna Arno ailəsi LVMH səhmlərinin 49 faizinə və səsvermə hüquqlarının 64,8 faizinə sahib olub. Nəşr qeyd edir ki, artıq belə səviyyədə nəzarət mövcud olduğu halda, milyarderin payını 50 faizdən yuxarı artırmaq istəyi sual doğurur. AlphaValue analitiki Frederik Jenevrye bunu “simvolik addım, tortun üzərindəki albalı” kimi qiymətləndirərək bildirib ki, Arno bu yolla bazara nikbin siqnal göndərir.

Arno 2025-ci ildə də LVMH səhmlərini fəal şəkildə alıb. O zaman səkkiz ay ərzində təxminən 2,5 milyon səhm alaraq buna 1,4 milyard avroya yaxın vəsait xərcləyib. Bloomberg qeyd edir ki, hazırkı alışlar konsernin bazar kapitallaşmasının azalması və iqtisadi qeyri-müəyyənlik fonunda dizayner geyimləri, aksesuarlar, şərab və kosmetikaya tələbin zəifləməsi ilə eyni dövrə təsadüf edir. Fevralın 11-nə LVMH-nin bazar kapitallaşması təxminən 263,3 milyard avro təşkil edir.

Bernar Arno 1989-cu ildən LVMH-yə rəhbərlik edir. O, Avropanın ən varlı insanıdır. Forbes Real-Time Billionaires qlobal reytinqində Arno ailəsi ilə birlikdə yeddinci pillədə qərarlaşıb. Onun sərvəti 164,4 milyard dollar (-1,45%) olaraq qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər