16 C
Baku
Friday, February 13, 2026

Azərbaycanda yüksəksürətli internet paketlərinin qiymətləri necə təşkil olunacaq? – Açıqlama

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov müsahibə verib:

– Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilin sonuna qədər ölkədə internetin orta sürətinin 200 Mbit/s səviyyəsinə çatdırılmasının planlaşdırıldığını bildirib. Ümumilikdə Azərbaycanda mövcud telekommunikasiya infrastrukturu bu hədəfi reallaşdırmağa imkan verirmi?

– Ümumilikdə ölkədə 200 Mbit/s və daha yüksək orta sürətə keçid üçün texniki imkanlar var. Cənab nazirin də qeyd etdiyi kimi, son illərdə görülən işlər sayəsində ölkədə bu hədəfə çatmaq üçün əsas infrastruktur artıq formalaşdırılıb.

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində fiber-optik internet əhəmiyyətli dərəcədə genişləndirilib və bu gün ölkənin hər yerində qiqabit tutumlu sabit genişzolaqlı internet infrastrukturu mövcuddur. Sözügedən layihənin operatoru olmayan provayderlərin böyük əksəriyyəti öz infrastrukturunu yeniləyərək bu sürəti təqdim etmək imkanına malikdir. Bununla belə, bir qrup şirkətin infrastrukturu hələ də köhnə texnologiyalara əsaslanır və 200 Mbit/s sürətin təqdim olunması üçün onların da modernləşmə prosesini sürətləndirməsi zəruridir.

Lakin hazırda provayderlərin təklif etdiyi minimal internet paketləri əsasən 100 Mbit/s səviyyəsindədir. “Ookla”nın ötən ilin dekabr ayı üzrə hesabatına əsasən, Azərbaycanda sabit genişzolaqlı internetin sürəti orta hesabla 88,9 Mbit/s təşkil edir. Bu isə onu göstərir ki, orta sürətin 200 Mbit/s-yə çatdırılması üçün provayderlər 250-500 Mbit/s və daha yuxarı sürətli paketlər təklif etməlidirlər.

– Yüksəksürətli paketlərin qiymətlərinin əlçatanlığı necə təmin olunacaq?

– Yüksəksürətli internetin kütləvi istifadəsi üçün qiymət amili xüsusi əhəmiyyət daşıyır. Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Provayderlər yüksəksürətli paketlər üzrə tarif strukturuna yenidən baxmalı, qiymət və sürət balansını şəbəkənin davamlı inkişafını təmin edəcək şəkildə optimallaşdırmalıdırlar. Bu proses yalnız dövlət sektoru deyil, həm də özəl sektorun da fəal iştirakı ilə həyata keçirilməlidir. Mərkəzində Azərbaycan vətəndaşının dayandığı vahid və koordinasiyalı yanaşma rəqəmsal transformasiyanın davamlılığını təmin edən əsas şərtdir.

Cənab Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədən də aydın görmək mümkündür ki, dövlət tərəfindən həyata keçirilən strategiya informasiya texnologiyalarının və Dördüncü Sənaye İnqilabının əsas istiqamətləri olan süni intellekt, “bulud” əsaslı həllər, “ağıllı” şəhər texnologiyaları və digər innovativ yanaşmaların sürətli inkişafı fonunda rəqəmsal iqtisadiyyat ekosisteminin qurulmasını, onun davamlılığının möhkəmləndirilməsini və iqtisadiyyatın bütün sahələrində rəqəmsal transformasiyanın geniş miqyasda tətbiqini hədəfləyir.

Prosesin tərkib hissəsi olan sürətli internet xidmətlərinin əlçatanlığının artırılması vətəndaşa göstərilən xidmətləri daha operativ, şəffaf və fərdiləşdirilmiş edir. Bu texnoloji imkanlar dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirən yeni keyfiyyət mərhələsi yaradır.

Digər məsələ isə biznes mühitinin və ölkənin investorlar üçün cəlbediciliyinin artırılmasıdır. Aralarında “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, “bp”, “Boeing Global”, “Honeywell”, “J.P.Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International” və “Motorola Solutions” və digər qlobal təşkilatların olduğu 31 şirkətin nümayəndəsinin ölkəmizə səfəri və keçirilən səmərəli görüşlər Azərbaycanın texnologiya mühitinin müasir biznesin tələblərinə cavab verdiyinin bariz göstəricisidir.

Son xəbərlər
Digər xəbərlər